Bakıda soyğunçuluq edən dəstə zərərsizləşdirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, aprelin 13-də DİN-in "102 Zəng Mərkəzi Xidmətinə müraciət edən Bakı şəhər sakini Ceyhun Novruzov saat 1 radələrində Zabrat qəsəbəsi ərazisində "Mercedes markalı avtomobilinə yaxınlaşan 6 nəfər tanımadığı şəxsin Binəqədi qəsəbəsinə gedəcəklərini deməsi, etiraz etdikdə isə onu döyərək mobil telefonunu aldıqlarını bildirib.
Dərhal məlumatla əlaqədar Sabunçu Rayon Polis İdarəsinin 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.
Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən şəxslər qısa zamanda müəyyən edilib. Görülmüş tədbirlərlə onlar "isti izlərlə saxlanılıblar.
Araşdırmalarla onların Bakı şəhər sakinləri İlfat Qasımov, Elşad İsmayılov, Murad Muradov, Vasif Vəlizadə, əvvəllər məhkum olunmuş Orxan Vəlizadə və Füzuli rayon sakini Rəşad Əliyev olduqları müəyyən edilib.
Onların qəsəbə ərazisində digər "Mercedes markalı avtomobilin sürücüsü Səxavət Piriyevə qarşı da eyni üsulla cinayət törətdikləri müəyyən edilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.