Xəbər verdiyimiz kimi, Azərbaycan Milli Məclisin deputatı Rövşən Rzayev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri təyin olunub. "Qaçqınkomun eks sədri Əli Həsənovun yerinə təyinat alan R.Rzayev bir müddət əvvəl nəvəsi Nail Allahverdiyevə məxsus "10-PP-203 dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqala münasibəti sosial şəbəkələrdə müzakirələrə səbəb olub.
Unikal.org xəbər verir ki, o vaxtı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, deputat vəzifəsində çalışan Rövşən Rzayev baş nazirin müavini, "Qaçqınkomun eks sədri Əli Həsənovun nəvəsi Nail Allahverdiyevə məxsus "10-PP-203 dövlət qeydiyyat nişanlı "Mercedes Gelandewagen avtomobilinin qəza törətməsi ətrafında yaranan qalmaqala belə münasibət bildirib.
O, KİV-ə açıqlamasında deyib ki, sözügedən hadisə insan ölümünə səbəb olduğu üçün ağır yol qəzasıdır: "Çox xoşagəlməz bir hal baş verib və bu avtomobil qəzası nəticəsində insanlar həyatlarını itirib, yaralanıblar. Digər tərəfdən isə sürücü də cavan uşaqdır. Ölən insanlara görə sürücü ömrü boyu adı ləkəli qalacaq. Bu, həyatdır və çox təəssüf ki, hər bir insanın başına gələ bilər. Bütün bunlar xoşagəlməz hadisələrdir. Allah bu cür hadisələri hamıdan uzaq etsin.
Eks deputat qeyd edib ki, Azərbaycan hüquqi dövlətdir: "Burada hər kəs öz əməlinə görə qanunlar qarşısında məsuliyyət daşıyır və cavab verir. Mətbuatdan da oxuyuruq ki, hüquq-mühafizə orqanları bu hadisəyə ədalətli qiymət verirlər. İnanıram ki, məsələ tam ədalətli qiymət veriləcək. Əli Həsənovun yüksək vəzifədə olmasının nəvəsinin harınlamasına səbəb olması məsələsinə gəldikdə, mən bu barədə heç bir fikir söyləyə bilmərəm. Bu, onların şəxsi ailə işidir.
Mənə elə gəlir ki, bizim başqalarının ailə işlərinə qarışmağımız doğru olmazdı. Ancaq hamı öz əməlinə görə dövlət və qanun qarşısında cavab verməlidir. Əminəm ki, bu, belə də olacaq. Hazırda bu hadisə ilə bağlı istintaq gedir. Yəqin ki, qəzanı törədən əməlinə görə cavab verəcək. Artıq məhkəmənin hökmü ilə sürücü Nail Allahverdiyevin barəsində 4 ay müddətinə həbs-qətimkan tədbiri də seçilib. Təbii ki, heç kəs dövlətin qanunlarından üstün ola bilməz. Hər bir məsələdə olduğu kimi, bu məsələdə də qanun öz sözünü deyəcək.