Bu gün Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə SOCAR-ın III Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neftkimya" forumu öz işinə başlayıb.

Unikal.org-un məlumatına görə, ötən il ilə müqayisədə bu il Forumda iştirak edən ölkələrin sayında artım müşahidə olunub. Ümumilikdə, bu il Forumda iştirak etməyə Azərbaycandan 72 nəfər, Rusiyadan 49 nəfər, Qazaxıstandan 32 nəfər, Böyük Britaniya, Almaniya, Fransa, İsveçrə, İtaliya, İspaniya, Avstriya, Polşa və digər Avropa ölkələrindən 53 nəfər, BƏƏ, İran, Türkmənistan, Özbəkistan və digər Asiya ölkələrindən 18 nəfər, Kolumbiya və Sinqapurdan isə 2 nəfər neft-qaz sektoru üzrə müəssisələrin rəhbər nümayəndələri qatılıb.

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov bildirib ki, SOCAR-ın Beynəlxalq Forumu Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunub. E. Qasımov Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu neft strategiyasının bütün dünyaya təbliğ olunmasında Forumun səmərəli platforma olduğunu bildirib.

"SOCAR-ın III Beynəlxalq Forumunda iştirak üçün dünyanın 30-a yaxın ölkəsinin neft-qaz sektorunun aparıcı müəssisələrinin rəhbər nümayəndələrindən ibarət 230-a yaxın iştirakçı qatılıb. Bu göstərici Azərbaycanın adının dünya neft sektorunda önəmli mövqedə olmasından xəbər verir", - deyə E.Qasımov vurğulayıb.

SOCAR-ın III Beynəlxalq Forumunun açılış mərasimində Azərbaycan Respublikası energetika naziri Pərviz Şahbazov, Milli Məclisin sədrinin müavini Valeh Əsgərov, SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə, "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri, Milli Məclisin deputatı Muxtar Babayev və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli çıxış edərək, Forum iştirakçılarını salamlayıb və irəlidəki günlərdə onlara uğurlar arzu edib.

Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunan "DOWNSTREAM Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft Emalı, Neft-kimya adlı forumun məqsədi Xəzər və Mərkəzi Asiya regionunda karbohidrogen ehtiyatlarının ticarəti və satışı məsələləri üzrə ən son tendensiyalar və inkişaf perspektivlərinin təhlil edilməsidir. Forum, həmçinin neft-qaz sənayesinin inkişafının əsas istiqamətləri haqqında strateji qərarlar vermək və gündəlik əməliyyatlar aparmaq üçün praktiki informasiyaların əldə edilməsinə imkan yaradan unikal platformadır.


Üç gün davam edəcək forumun ilk günü dünya neft-qaz bazarı, Xəzər və Mərkəzi Asiya bazarı, nəqliyyat infrastrukturuna, ikinci günü neft emalı, neft və neft-kimya məhsullarının ticarəti, üçüncü günü isə neft-kimya bazarı, neftayırma zavodları və neft-kimya texnologiyalarına həsr olunacaq. Tədbir bitdikdən sonra tədbir iştirakçıları üçün texniki səfərlər təşkil olunacaq. Forumda iştirak edəcək şirkətlər arasında dövlət idarə və müəssisələri, neft-qaz şirkətləri (treyderlər, NEZ və neft çıxarma), nəqliyyat şirkətləri (limanlar, terminallar, boru kəmərləri və ekspeditorlar), banklar, hüquq və konsaltinq şirkətləri və avadanlıq istehsalçıları, yeni texnologiyalar hazırlayan müəssisələr də var.


Qeyd edək ki, ənənəvi olaraq artıq üçüncü ildir keçirilən Forumda ötən il İsveçrə, Türkiyə, Latviya, Litva, Danimarka, Belçika, Fransa, Avstriya, Almaniya, Böyük Britaniya, BƏƏ, ABŞ, Venesuela, Çin, həmçinin Mərkəzi Asiya və MDB ölkələrindən neft-qaz sektorunun nazirliklərinin və transmilli neft-qaz şirkətlərinin rəhbər nümayəndələri iştirak edib.


Forum haqqında əlavə məlumatı http://socarforum.com saytından almaq mümkündür.