Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov ABŞ Dövlət Departamentinin 2017-ci ildə dünya ölkələrində insan haqlarının durumuna dair illik hesabatında Azərbaycanla bağlı əks olunmuş iddialara münasibət bildirib.
Unikal.org-un məlumatına görə, Əli Həsənovun sözlərinə görə, hesabat göstərir ki, Dövlət Departamentinin Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında baş verən hadisələrə münasibəti həmişə olduğu kimi yenə də tendensioz xarakter daşıyıb.
Hesabatın hazırlanma metodologiyası hər bir məsələyə dair konkret bir, bəzi hallarda isə bir neçə faktın konstatasiyası, onların müəyyən siyasi dairələrin maraqlarına uyğun, qərəzli şəkildə təsviri, müvafiq nəticənin hasil edilməsi və bütün sahə üzrə ümumiləşdirilməsi prinsipi üzərində qurulub. Belə yanaşma, habelə mənbələrin göstərilməməsi, bir qayda olaraq "eksperlər, "fəallar, "QHT təmsilçiləri və bu kimi müəmmalı "mənbələrə "istinad edilməsi hesabatın obyektivliyini və şəffaflığını ciddi şübhə altına alır.
Əli Həsənov qeyd edib ki, 2013-cü il prezident seçkiləri də daxil olmaqla Azərbaycanda keçirilən bütün seçkilər beynəlxalq standartlara və Azərbaycan qanunvericiliyinə uyğun, demokratik, ədalətli və şəffaf olub, xalqın iradəsini əks etdirib: "Bu fakt çoxsaylı xarici və beynəlxalq müşahidəçi qrupların açıqlamalarında və hesabatlarında da öz əksini tapıb.
Azərbaycan demokratik dövlətdir, Konstitusiya normalarına uyğun olaraq ölkədə qanunverici, icra və məhkəmə hakimiyyətinin müstəqil fəaliyyəti təmin olunmuşdur. Buna görə də hansısa şübhəli "faktlar əsasında hakimiyyət qanadlarının, ayrı-ayrı dövlət orqanlarının nüfuzunu aşağılayan qərəzli iddiaları qəbul etmirik və onları ciddi əsası olmayan subyektiv mülahizə kimi qiymətləndiririk.
Azərbaycanda söz və məlumat, sərbəst toplaşmaq azadlığı, fikir plüralizmi də daxil olmaqla bütün demokratik normalar təmin olunub. Ölkədə yüzlərlə kütləvi informasiya vasitəsi, çoxsaylı jurnalist ordusu tam sərbəst fəaliyyət göstərir. Sosial şəbəkələrdə istifadəçilərin sayı 3 milyona yaxınlaşır, ölkə əhalisinin 80 faizi internet istifadəçisidir. Bu gün Azərbaycanda 3 mindən çox QHT fəaliyyət göstərir və öz təşəbbüsləri, praktiki addımları ilə cəmiyyət həyatının bütün sahələrinin inkişafına əməli töhfələr verirlər. Odur ki hesabatda vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin "məhdudlaşdırılılması barədə iddialar yalnız təəssüf doğurur.
2018-ci il aprelin 11-də keçirilmiş prezident seçkiləri Azərbaycanın ictimai-siyasi həyatında seçki mədəniyyətinin qənaətbəxş səviyyədə olduğunu təsdiq etməklə yanaşı, həm də partiyaların siyasi proseslərdə iştirak səviyyəsini əyani şəkildə göstərdi. Avropa və Amerikada olduğu kimi, Azərbaycanda da marginallaşmış siyasi qruplar cəmiyyət tərəfindən inkar edilir, öz ambisiyalarını reallaşdırmaq imkanlarını getdikcə itirirlər. Bu, Azərbaycanda siyasi sistemin çatışmazlığı deyil, əksinə, cəmiyyət həyatında təhlükəsizliyi, sabitliyi, tolerantlığı təmin edən mühüm üstünlükdür. Təəssüf ki, Dövlət Departamentinin hesabatında bu kimi məsələlər də tərs-mütənasib təsvir olunur və arzuolunmaz nəticələr hasil edilir.
O ki qaldı hesabatda "siyasi məhbuslar, "təzyiqlər, "həbslər və digər bu kimi iddialara, hesab edirik ki, Qərb ölkələrində bu kimi faktlar daha çoxdur. Həmin faktlar Dövlət Departamenti tərəfindən eyni metodologiya əsasında şərh olunarsa, hansı nəticələrin ortaya çıxacağını təsəvvür edə bilərik".