Ölkə prezidentinin iqtisadi məsələlər üzrə köməkçisi, Prezident Administrasiyasının şöbə müdiri Əli Əsədov dövlət başçısının 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsinə təyin edilmiş Səfər Məmməd oğlu Mehdiyevi kollektivə təqdim edib.
Unikal.org xəbər verir ki, Ə.Əsədov S.Mehdiyevin həyat yolu barədə məlumat verərək əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan davamlı iqtisadi inkişaf strategiyasının uğurla reallaşdırılmasında mühüm rol oynayan gömrük orqanlarının fəaliyyətindən danışıb.
Onun sözlərinə görə, son illər Prezident İlham Əliyevin bütün sahələrdə olduğu kimi, gömrük işinin təşkili istiqamətində də həyata keçirdiyi mütərəqqi islahatlar Azərbaycanın beynəlxalq ticarətdəki rolunu artırmaqla yanaşı, qeyri-neft sektorunun inkişafı, sahibkarlıq mühitinin yaxşılaşdırılması, idxal-ixrac əməliyyatlarının sürətli və şəffaf şəkildə həyata keçirilməsi, tranzit potensialının gücləndirilməsində mühüm rol oynayıb. Ə.Əsədov ölkədə gömrük işinin daha səmərəli və müasir standartlara uyğun şəkildə təşkili istiqamətində dövlət başçısının gömrük orqanları qarşısında qoyduğu vəzifələrdən bəhs edib və verilən tapşırıqların uğurla icra olunacağına əminliyini ifadə edib.
S.Mehdiyev ona göstərilən etimada görə minnətdarlığını bildirib, dövlət başçısının gömrük orqanları qarşısında qoyduğu vəzifə və tapşırıqların uğurla icra olunacağını vurğulayıb.