Bu gün İsmayıllıda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr olunan "Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər mövzusunda regional konfrans keçirilib.
Unikal.org xəbər verir ki, rayon mədəniyyət mərkəzində təşkil olunan regional konfransda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin və İsmayıllı Rayon İcra Hakimiyyətinin rəhbər şəxsləri, Qafqaz Müsəlmanları İdarəsinin nümayəndəsi, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, fəal gənclər, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, habelə ictimaiyyət nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə şəhərin mərkəzində Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçəklər düzüblər. Sonra mədəniyyət mərkəzinin foyesində Ulu Öndərin zəngin həyatını, ictimai-siyası fəaliyyətini əks etdirən sərgi ilə tanışlıq olub.
Konfransı açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov Ümummilli lider Heydər Əliyevin 95 illiyinə həsr edilən tədbirin əhəmiyyətini yüksək qiymətləndirib, Ulu Öndər tərəfindən işlənib hazırlanan dövlət-din modelinin bütün dünya üçün bir nümunə olduğunu söyləyib. Rayondakı dini durum və dini icmaların qarşılıqlı fəaliyyəti barədə ətraflı məlumat verən M.Sadıqov bildirib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan dövlət-din siyasəti hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Sonra çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı müstəqil Azərbaycanın qurucusu Ulu öndər Heydər Əliyevin dövlət quruculuğu sahəsində həyata keçirdiyi uğurlu islahat proqramlarından danışıb. Dövlət Komitəsinin sədri Ümummilli Liderin ölkəmizdə dövlət-din münasibətlərinin əsasını qoymaqla, bu sahədə sağlam ideologiya yaratdığını bildirib. Qeyd edib ki, dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycanda dövlət-din münasibətləri tənzimlənib, qanunvericilik bazası formalaşdırılıb.
Bu uzaqgörən siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdıran Mübariz Qurbanlı bu ilin ölkəmizdə "Azərbaycan Xalq Cümhuriyyəti İli elan olunmasının önəminə toxunub, müstəqil Azərbaycanın 1918-ci ildə yaradılan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu bildirib. Dövlət Komitəsinin sədri qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən atılan bu mühüm addım, həm də Xalq Cümhuriyyəti dövründə dövlət-din münasibətlərinin tarixinə nəzər salmağımıza səbəb olur. Bugünkü dövlət-din modelimiz tariximizə, ənənələrimizə əsaslanır. Bu model bu gün ölkəmizdə sabitliyin, tolerantlığın, nəticə etibarı ilə dinamik inkişafımızın başlıca səbəblərindəndir. Komitə sədri Prezident İlham Əliyevin dinə qayğısının təzahürü olaraq 2016-cı ili ölkəmizdə "Multikulturalizm İli, 2017-ci ili "İslam Həmrəyliyi İli elan etdiyini, ötən ilin oktyabr ayında Mənəvi Dəyərlərin Təbliği Fondunun, bu ilin fevral ayında isə Azərbaycan İlahiyyat İnstitutunun təsis edilməsi haqqında Fərman və Sərəncam imzaladığını diqqətə çatdırıb. Bildirib ki, Fondun nizamnaməsində milli-mənəvi dəyərlərimizin təbliği əsas istiqamət təşkil edir.
Konfransdakı çıxışında Prezident Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin böyük məsləhətçisi Ceyhun Məmmədov qeyd edib ki, ölkəmizdə bütün dinlərin nümayəndələri həmrəylik və birlik şəraitində fəaliyyət göstərirlər. Bu da Ümummilli lider Heydər Əliyevin dinin cəmiyyət həyatında rolunu yüksək qiymətləndirməsi nəticəsində mümkün olub. C.Məmmədov bu sahəyə diqqətin davamı olaraq ölkəmizdə dini ibadətgahların bərpa olunaraq dindarların istifadəsinə verildiyini, dini qurumlara maddi yardımların ayrıldığını deyib. Din xadimlərinə müraciət edən C.Məmmədov bu sahədə görülən işlərə öz töhfələrini vermələri üçün onları sağlam dini maarifləndirmə prosesinin həyata keçirilməsində, ölkəmizin radikal təsirlərdən qorunmasında aktiv olmağa çağırıb.
Qafqaz Müsəlmanları İdarəsinin aparat rəhbəri Simran Həsənov bildirib ki, Ümummilli Liderin ölkəmizə rəhbərliyi dövründə dini etiqad azadlığının əsası qoyulub. Qəbul edilən qanunlar və normativ hüquqi aktlar dini etiqad azadlığını təmin edir, eyni zamanda, dövlətlə dini qurumlar arasındakı münasibətləri qanun çərçivəsində tənzimləmək üçün hüquqi əsas yaradır.
Tədbirdə dövlət-din münasibətlərinin tənzimlənməsində Ümummilli lider Heydər Əliyevin mühüm xidmətlərindən, dinə dövlət qayğısından, dövlət-din münasibətlərinin inkişaf dinamikasından, bu sahədəki siyasətin əsas istiqamətlərindən ətraflı danışılıb.
Konfrans işini aprelin 25-də İsmayıllı şəhərində "Dini radikalizmlə mübarizə və maarifləndirmə mövzusunda seminarla davam etdirəcək.