Lənkəran rayonu İstisu qəsəbə sakini Elşən Ağayev dəhşətli "ailə dramı" yaşayır.
 
Unikal.org xəbər verir ki, Modern.az saytına müraciətində E.Ağayev ailəsinin üzləşdiyi hadisələrdən danışıb. O, keçmiş həyat yoldaşı Gülzarənin (hadisələrdən sonra ayrılıblar), 5 övladının, 4 nəvəsinin vəhhabi təriqətinin təsiri altında olmasından narahatdır. Bu narahatlığına görə də E.Ağayev Azərbaycan Prezidenti İlham Əliyevə, daxili işlər naziri Ramil Usubova, xarici işlər naziri Elmar Məmmədyarova, maliyyə naziri Samir Şərifova, təhsil naziri Mikayıl Cabbarova, Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlıya, Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadəyə, Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edərək, problemin  üçün kömək istəyib.

Ailə üzvlərinin Türkiyədən başlanan "yolu"...

Ata Elşən Ağayev bildirir ki, böyük oğlu Elxan Ağayev 2007-ci ildə oxuduğu Azərbaycan Dəniz Akademiyasını bitirib. İki il hərbi xidmət keçəndən sonra 2009-cu ildə bir makler vasitəsilə Türkiyədəki özəl şirkətlərdə gəmi elektriki işinə düzəlib. Onun sözlərinə görə, Elxan 2011-ci ilə qədər hər 6 aydan bir evə gəlirmiş. Elə hər şey də onun sonuncu gəlişi zamanı ortaya çıxıb.

E.Ağayev oğlu sonuncu dəfə gələndə üzünün azca tüklü olduğunu görür. Axşam saatlarında otağına daxil olarkən onun vəhhabilərə xas qaydada namaz qıldığını müşahidə edir. Sonradan öyrənir ki, oğlunun işlədiyi gəmidə olan bir vəhhabi onu bu cərəyana sövq edib:

"Sən demə oğlum 13 ay müddətinə evə gəlməyərək, bu təriqətin əsaslarını öyrənməklə məşğul olub. Buna qədər bizim ailəmizdə belə şey olmamışdı. Hamımız Allah yolu tutan, namaz qılan olmuşuq. Onu da deyim ki, Lənkərandakı insanların çoxu kimi biz də şiə məzhəbliyik.

Mən Elxanın Türkiyədə işdən çıxmasını tələb etdim və o da bunun qarşılığında  Bakıdakı Bp şirkətində işə düzəlmək üçün məndən 4000 manat aldı. Mən də övladımın pis yoldan çəkinəcəyini düşünərək, həmin pulu ona verdim və o, Bp-də işə düzəldi. Sonradan Elxan öz yoldaşlarına onu bu şirkətə əxilərin (əqidə yoldaşlarının) işə düzəltdiklərini deyibmiş. Mən bu şirkətdə çox sayda vəhhabinin olduğunu bundan sonra öyrəndim. Sonra oğlum düz yola gəlməyəndə onu evdən qovdum. Amma çox gec idi. Çünki, artıq digər oğullarım Elman və Qadir (Bakıda tələbə olublar), keçmiş həyat yoldaşım Gülzarə və kiçik qızım Aynur da onun yolunda – vəhhabi təriqətində idi...

2013-cü ilin yayında mən müxtəlif üsullardan istifadə etməklə həm Elxanla, həm də digər ailə üzvlərimlə onları islah etmək məqsədilə söhbətlər etdim. Evə din alimlərini cəlb etməklə onlara əsl İslam mahiyyətini başa salmağa çalışdım. 2013-cü il avqustun 13-də ortancıl oğlum Elmanın təkidi ilə mən Şirvan şəhər "Ərrəhman" (indiki adı "Həzrəti Əli") məscidinin qeyri-rəsmi imamı Hacı Ağalı və vəhhabi əqidəli digər 3 şəxsi diskussiya məqsədilə evə dəvət etdim. (Elxan təklif edirdi ki, o vəhhabi alimlərini, mən də din alimlərini evə dəvət edim, hansı yol doğru olsa, o yol ilə gedim). 
Həmçinin tanıdığım bir neçə hacını çağırdım ki, ailə üzvlərimə təsir göstərə bilsinlər. Dini zəmində söhbət aparıldı. Gecə 00:30-da Lənkəran Şəhər Polis İdarəsinin və o vaxtkı Milli Təhlükəsizlik Nazirliyinin (MTN) nümayəndələri evə daxil olub həmin vəhhabi əqidəli adamları polis şöbəsinə apardılar, izahatları alındıqdan sonra sərbəst buraxıldılar. Oğlum Elxana bildirdim ki, əslini danan haramzadadır. Mənim sənin kimi övladım yoxdur, bir daha mənim evimə gəlmə".

""Din azaddısa", siz də azadsınız"

Həyat yoldaşı və kiçik qızının da vəhhabi namazı qıldığını görən Elşən Ağayev daha dözə bilməyib.

"Təxminən bir aydan sonra təsadüfən kiçik qızım Aynur və keçmiş həyat yoldaşım Gülzarənin də vəhhabilər kimi namaz qıldığını gördüm. Dəfələrlə bu barədə onlarla söhbət etdim, o yoldan çəkinməyə çağırdım, amma heç bir nəticə hasil olmadı. Mənə bildirdilər ki, "hər şey azaddır, din də azaddır". Mən də "siz də azadsınız" deyə onları  evdən qovdum. 
2007-ci ildən 2-ci qrup əliləm, hər iki qolub dirsəkdən şikəstdir. Bunu bilən oğlanlarım ana və bacısının vəhhabi namazı qılmasına görə onlara acıqlanarkən mənə qarşı çıxırdılar. Mən də abrıma sığınıb, onları evdən qovdum və onlar hamılıqla böyük qızım Arzunun Şirvan şəhərindəki evinə köçdülər.

Bu müddət ərzində Elxan həm qızıma, həm də orada yaşayan bütün qohumlarımın övladlarına təsir etdi. Elxan mütəmadi olaraq uşaqları Şirvan şəhər "Ərrəhman" məscidinə aparır və orada dini ayinləri onlara öyrədirmiş. Bundan xəbər tutan qohumlarla oğlum Elxan arasında dəfələrlə münaqişələr olub və sonda onlar onu evdən qovublar".

Evli gəlin vəhhabi olub

Elşən Ağayev böyük qızı Arzunun da bu cərəyana qoşulduğu gerçəkliyi ilə üz-üzə qalmaslndan danışır:

"Təxminən 2014-cü ilin ortalarında qudam Hacı Yusif Məmmədov gəlini Arzunun (böyük qızım) da vəhhabilər kimi namaz qıldığını görəndə evdən qovub. Və qızım nəvələrimlə birlikdə Şirvan şəhərində kirayə ev tutub. Mən oğlum Elman üçün Şirvan şəhər bağlar massivində 7000 manata 6 sot torpaq almışdım. Hazırda həmin torpaqda ev tikib yaşayırlar.

Qızım Arzu həyat yoldaşı və uşaqları ilə birlikdə hələ 2014-cü ilin iyun ayında Lənkərana mənim yanıma gəlmişdilər. Bir müddət yanımda qaldılar. Sonradan kürəkənim Şahin Məmmədov ailəsinə baş çəkmək üçün bizim evə gələndə mənə bildirdi ki, Arzunun yatağında Bakıdakı "Əbubəkr" məscidinin namaz cədvəllərini və vəhhabi təriqətini təbliğ edən 40-a qədər disk aşkarlayıb. Bu barədə qızımla həm mən, həm də qudam Yusif dəfələrlə söhbət etsək də, Arzu həmin təriqətdə olmadığını bildirdi, bizdə ona inandıq.

Bu müddət ərzində isə Bp şirkətindən mənim ünvanıma oğlumun adına məktub gəldi. Orada göstərilirdi ki, "Elxan Bp-ni xəbərdarlıq etmədən özbaşına tərk etdiyinə görə təcili şirkətə gəlməlidir. Əks halda işdən azad olunacaq". 
Oğlumun Bp-dən özbaşına getməsinə səbəb o idi ki, bütün ailəni vəhhabi cərəyanına cəlb etdiyi üçün vəhhabilər ona "lütf" göstərib guya, Səudiyyə Ərəbistanında işə düzəltmişdilər. Şübhəsiz ki, oğlumun İŞİD üzvlərilə əlaqəsi istisna edilmir.

Əslində isə onun orda nə işlə məşğul olduğunu bilmirəm. Bu müddət ərzində (2013-cü ilin ortalarında) Şirvan şəhər "Ərrəhman" məscidinin qeyri-rəsmi imanı Hacı Ağalı İordaniyaya vəhhabi əqidəsi üzrə təhsil almağa getmiş, onun yerinə isə daha radikal olan, Yəməndə təhsil almış, xəvaric əqidəli Abdulrauf adlı şəxs keçmişdi. Mənim onun radikal adlandırmağımın səbəbi budur ki, bu adam təkcə Şirvan şəhərindən bir neçə şəxsi Suriyadakı qeyri-qanuni hərbi birləşmələrdə iştirak etmək üçün göndərmişdi. Bunu dəqiq bilirəm. Belə ki, MTN-nin Şirvan şəhər şöbəsinin rəis müavini olmuş, hazırda Balakən rayonunda işləyən Mövsüm müəllimlə söhbətimdə o mənə bildirmişdi ki, Lənkəran rayonunun Sütəmurdov kəndindən olan 2 qardaş və Hikmət adlı başqa birisi Şirvan şəhər "Ərrəhman" məscidində Abdulraufun təsirinə düşüblər. Sonradan Abdulrauf onları 2015-ci ilin yayında Suriyaya göndərmiş və onlar indi də ailələri ilə birlikdə ordadırlar".

54 min manata satılan ailə dəyərləri

E.Ağayev deyir ki, bir neçə dəfə vəhhabi məscidinə baş çəkib:

"Mən həmin məsciddə bir neçə dəfə şiə namazı qılmışam və oraya 300-dən artıq gəncin toplaşdığını görmüşəm. Hal-hazırda məsciddəki vəhhabilər arasında parçalanma nəticəsində 3 qrup yaranıb. Əlifağa adlı şəxs loyal vəhhabilərə, Hacı Ağalı radikal sələfilərə, Abdulrauf isə xəvariclərə rəhbərlik edir. Əlifağa və Hacı Ağalını qrupları ilə birlikdə Abdulrauf məsciddən qovub. Çünki bu məscid sənədlə Abdulraufa məxsusdur. Belə ki, Abdulraufun adına Şirvan şəhərində bağlar massivində 6 sot torpaq ayrılmış, orada əvvəlcə ev tikilmişdi. Amma daha sonra İcra Hakimiyyətinin və hüquq-mühafizə orqanlarının gözü qarşısında o evdən minarələr ucaldıldı, beləliklə həmin ev "Ərrəhman" məscidinə çevrilib. Bu gün də həmin məscid Şirvan şəhərində  "qara yara" kimi qalmaqdadır.

2015-ci ilin iyul-avqust aylarında qızım Arzu və kürəkənim Şahin nəvələrimlə bizdə idi. Kürəkənim mənə bildirdi ki, oğlum Elxan anası, bacısı və qardaşlarını vəhhabi cərəyanına cəlb etdiyinə görə ona 54000 ABŞ dolları pul veriblər. Və kürəkənim bildirdi ki, oğlum Elxan ona da bu yola qoşulmağı təklif edib, qarşılığında 10000 ABŞ dolları veriləcəyini, bütün təminatının ödəniləcəyini bildirib. Şahin isə imtina edib. Lakin sonradan ehtiyac üzündən oğlum Elxandan borc istəyib və Elxan da  ona öz həyətində iş gördürərək, 900 manat zəhmət haqqı verib. Mən bunu bildikdə kürəkənimlə mübahisə etdim".

Qardaş kiçik bacını da vəhhabiyə "ərə" verib

Naəlac atanın başına gələnlər bununla da bitmir. Onun icazəsi, xeyri-duası olmadan kiçik qızı Aynur "ərə" verilib. Ata isə olanlardan çox sonra xəbər tutub...

"2015-ci ilin sentyabr ayında oğlum Elxan kiçik qızım Aynuru əslən azərbaycanlı olan Gürcüstan vətəndaşı, vəhhabi cərəyanı mənsubu olan bir şəxsə ərə verib (guya bu adam Türkiyədə yaşayır).

Oğlum Elxan kürəkənim Şahinə zəng edərək, ondan həyat yoldaşı Arzunu bacısı Aynurla xudahafizləşmək bəhanəsi ilə onlara göndərməsini tələb edir. Şahin razılaşmadıqda isə oğlum Elxan qızım Aynuru qardaşı Qadir və Aynurun gələcək həyat yoldaşı ilə birlikdə onlara göndərmək istəyib. Şahin yenə də razılaşmadıqda oğlum onunla görüş yeri təyin edir. Bu zaman təsadüfən mən də bu söhbətin üstünə gəlib çıxdım və Şahinlə birlikdə görüş yerinə getdik. Lakin oğlum Elxan mənim də oraya gəldiyimi bildikdə görüşə gəlmədi və biz evə qayıtdıq.

Səhəri gün qızım Arzu ilə yoldaşı Şahinin arasında mübahisə olub. Qızım zəng edərək qayınatasını, dayısını və qardaşlarını çağıraraq Şahinlə yaşamaq istəmədiyin bildirib. Elxan isə qurduğu ssenarini sona yetirərək, bacısının fikrini əsas tutaraq, onu 4 uşağı ilə birlikdə öz evinə aparıb. Kürəkənim Şahin və atası Yusif qızım Arzunun getməsinə etiraz etdikdə, oğlum Elxan Arzunu 3 gündən sonra gətirəcəyini bildirib. Lakin təxminən 10 gündən sonra bilərəkdən oğlum Elxan özü  gəlmədən qardaşı Qadiri bir neçə vəhhabi ilə birlikdə kürəkənimin  evinə göndərərək, qızımın bütün cehizlərini aparıb".

Elxan pul üçün bacısının ailəsini dağıdıb

Nəhayət Elxanın təkidi ilə bacısı Arzu boşanmaq üçün Şirvan şəhər Məhkəməsinə ərizə verib və 19 noyabr 2015-ci ildə bu işə baxılıb. Amma indiyədək boşanma gerçəkləşməyib. Bütün ailə üzvlərindən əli üzülən atanın yeganə arzusu qızı Arzunun 4 oğlu ilə birlikdə ər evinə qaytımasıdır. 

"Müraciət etdiyim dövlət rəsmilərindən xahiş edirəm ki, dövlətçiliyimizə qarşı radikal mövqeyi ilə seçilən Şirvan şəhəri "Ərrəhman" məscidinin qeyri-rəsmi imamı Abdulrauf və onun ən yaxın əqidə yoldaşı olan oğlum Elxanın hərəkətləri öyrənilərək, barələrində Azərbaycan Respublikasının ən sərt qanunları ilə tədbir görülsün. Eyni zamanda Allah xatirinə, 4 körpə nəvəm üçün qızım Arzunun ailəsinin dağılmasının qarşısının alınmasında mənə köməklik göstərməyi xahiş edirəm".

Mövzunu davam etdirəcəyik...