"Ermənilər Lələtəpədən avtomat və pulemyotdan Horadiz və digər yaşayış məntəqələrimizi atəşə tuturdu. Əkin sahələrimiz buna görə boş qalmışdı. Lələtəpənin adi bir təpə olduğunu deyən başa düşməyən bir insandır". Unikal.org xəbər verir ki, bunu baku.ws-ə ehtiyatda olan polkovnik Xətai Baxışov bildirib.
"Hər qarış torpağımızın geri alınmasına sevinməliyik. 23 il ərzində bizim ordu həmişə aşağıda olub, ermənilər yuxarıda. Ermənilər yüksək mövqelərdə dayanmışdı. Aprel ayının əvvəlinə qədər ermənilər yüksəklikdə mövqe tutub möhkəmlənmişdi. Lələtəpə elə bir strateji yüksəklikdir ki, indi biz yüksəklikdə mövqe tutmuşuq, ermənilər aşağıda. Eləcə də Talış istiqamətində. Ermənilər tərəfdən aparılan çəkilişlərə baxanda görürük ki, indi onlar Talış və Lələtəpə yüksəkliyini aşağıdan yuxarıya doğru çəkirlər. Hər iki yüksəkliyin ələ keçirilməsi çox böyük nailiyyətdir. Düzdür, itkilər vermişik, itkisiz də bu strateji yüksəkliklər alına bilməzdi", - deyə polkovnik bildirib.
"Lələtəpə təpə deyil, kiçik dağ silsiləsidir. Lələtəpə silsiləsindən başqa, sağda olan digər silsiləni də ordumuz işğaldan azad edib. Atəşkəs elan edilməsə idi, indi Füzuli, Cəbrayıl işğaldan azad edilmişdi. Əsas iş görülmüşdü. Ermənilər Xankəndindən belə qaçmışdılar. Lələtəpədən sol tərəfdən Araz çayına qədər 10 km ərazi də düşmən işğalından azad edilib".