Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin rəhbərliyi Mərakeş Krallığının Azərbaycandakı səfirliyində olub. Mərakeş Krallığının Azərbaycandakı səfiri Mohamed Adil Embarx BMAM sədri Rufiz Qonaqovla görüşdən məmnunluğunu ifadə edib.
Unikal.org xəbər verir ki, mərakeşli diplomat Azərbaycanla ölkəsi arasında olan dostluq və qardaşlıq münasibətlərindən danışıb. Səfir Azərbaycan Respublikasının müstəqilliyini tanıyan ilk ölkələrdən birinin Mərakeş olduğunu və o vaxtdan indiyə qədər diplomatik münasibətlərin uğurla davam etdiyini vurğulayıb. Mohamed Adil Embarx iki dost ölkə Mərakeş-Azərbaycan arasında mövcud olan əməkdaşlıq və qarşılıqlı tərəfdaşlıq əlaqələrindən danışıb. Uzun illərdir uğurla davam edən diplomatik münasibətlərin iki müsəlman ölkənin bir-birinə olan etimadı kimi qiymətləndirib. Səfir öz ölkəsi üçün də vacib olan ərazi bütövlüyü və suverenlik məsələlərinə də toxunub. Azərbaycan-Ermənistan münaqişəsinin tezliklə və sülh yolu ilə Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını arzuladığını bildirib.
Görüş zamanı Rufiz Qonaqov ümummili lider Heydər Əliyevin layiqli davamçısı prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın gənc dövlət kimi qısa bir zamanda beynəlxalq aləmdə böyük nüfuz qazandığını qeyd edib. Mərkəz barəsində Mərakeşli diplomata geniş məlumat verən Rufiz Qonaqov Mərakeşlə Azərbaycan əlaqələrinin vətəndaş cəmiyyəti sahəsində də inkişaf etdirilməsinin vacibliyini vurğulayıb. BMAM rəhbəri, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü Rufiz Qonaqov Mərakeş səfriliyi ilə əməkdaşlığın müxtəlif sahələrdə vətəndaş cəmiyyətləri səviyyəsində davam etdirilməsini təklif edib. Rufiz Qonaqov may ayında ölkəmizdə keçiriləcək mühüm tədbirlər barəsində danışıb. Azərbaycanda təşkil olunan bu tədbirlərin gələcəkdə Mərakeşdə keçirilməsinin əməkdaşlıqda əhəmiyyətli ola biləcəyini vurğulayıb.
Mərakeş Krallığının ölkəmizdəki səfiri Mohamed Adil Embarx qarşılıqlı diplomatik münasibətlərin qurulmasında maraqlı olduğunu bildirib.
Görüşdə birgə əməkdaşlığın genişləndirilməsi üçün qarşılıqlı razılaşma əldə olunub. Görüşün sonunda Rufiz Qonaqov səfir Mohamed Adil Embarxı Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinə dəvət edib.