Qarabağ probleminin nizamlanması məsələsi ilə bağlı danışıqlar masasına məhz Azərbaycan və Ermənistanın rəhbərləri oturmalıdır.

Unikal.org Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bunu Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri, RF Dövlət Dumasının deputatı Dmitri Savelyev Heydər Əliyev Mərkəzində təşkil edilən "Heydər Əliyev: Şəxsiyyət, missiya, irs Azərbaycan-Rusiya tarixi-sənədli sərgisinin kuluarında deyib.

Onun sözlərinə görə, Rusiya-Azərbaycan sərgisi çox diqqətəlayiq hadisədir: "Burada böyük Heydər Əliyevin həyat yolundan ətraflı bəhs edilir. Sərgidə nümayiş olunan fotoşəkillər və sənədlərdə biz onun varlığını, hərtərəfli şəxsiyyətini görürük. O, harada, nə işlə məşğul olmasına baxmayaraq, daim oxuyub, öz səviyyəsini artırıb.

Deputat qeyd edib ki, Rusiya bu gün Cənubi Qafqazda, o cümlədən Ermənistanda baş verən hadisələri həyəcanla izləyir. Rusiya orada hansı proseslərin baş verdiyindən narahatdır. Onun sözlərinə görə, Rusiya gözləyir ki, Ermənistanın yeni rəhbərliyi Rusiya tərəfinin onların ölkəsi üçün nələr etdiyini və edəcəyini unutmasın.

"Azərbaycanın mövqeyinə gəlincə, mən güclənməyi, güclənməyi və bir daha güclənməyi məsləhət görürəm. Siyasi cəhətdən güclənməli, öz hərbi gücünü artırmalı -” bu mənada mükəmməlliyə heç bir məhdudiyyət yoxdur - deyə Rusiya Dumasının üzvü bildirib.

Ermənistanın yeni baş naziri Nikol Paşinyanın Qarabağ probleminin nizamlanmasına dair danışıqlarda qondarma "Dağlıq Qarabağ rejiminin tamhüquqlu tərəf kimi iştirakı barədə dediklərini şərh edən Savelyev soruşub: "Nədir, Qarabağ, hansısa subyekt zaddır?

Onun fikrincə, bu məsələ ilə bağlı danışıqlar masasına Azərbaycan və Ermənistan rəhbərləri oturub danışmalıdırlar.

Onun fikrincə, idealda əlbəttə bütün bunlar sülh yolu ilə həll olunmalıdır: "Qarabağ məsələsi sabiq Sovet İttifaqının bədənindəki qanlı yaradır və artıq neçə onilliklərdir bizə əziyyət verir.

"Mən hesab edirəm ki, 7 rayonun və Qarabağın özünün qansız və qeyd-şərtsiz Azərbaycana qaytarılması istiqamətində bütün səylər göstərilməlidir - deyə Savelyev əlavə edib.