Suçiçəyi bu gün 6 ay-10 yaşlı uşaqlar arasında ən geniş yayılmış infeksion xəstəliklərdən biridir. Suçiçəyinə böyük yaşlı adamlar daha az yoluxur, lakin xəstəliyi ağır keçirilər.

Suçiçəyinin yoluxma yolları

Böyük uşaq kollektivində suçiçəyi epidemioloji xarakter daşıya və qrupun hər bir üzvünə yoluxa bilər.

Unikal.org hekimtap.az-a istinadən bildirir ki, xəstəlik herpes viruslarından birilə törədilir və yoluxuculuq qabiliyyəti çox yüksəkdir, lakin əksər hallarda təhlükəli deyil. Virus xəstədən sağlam adama hava-damcı yolu ilə kifayət qədər sürətlə keçir. Özü də xəstəliyi yoluxduran adam suçiçəyinin simptomlarını həmin məqam üçün hiss etməyə də bilər və səpgilər, qızdırma yarananadək ətrafdakıları yoluxdurar. Ona görə də xəstəliyin mənbəyini müəyyənləşdirmək və onun yoluxmasının qarşısını almaq bəzən çox çətin olur.

Suçiçəyi inkubasiya periodunu 1-3 həftə arasında keçir, bununla belə, onun simtomları yoluxma anından 7 gündən tez olmayaraq özünü büruzə verə bilər, lakin bu müddət 21 gündən artıq olmur.

İlkin əlamətlər özünü göstərəndən 7-10 gün sonra adam yoluxdurma qabiliyyətini itirir.

Uşaqlarda suçiçəyinin əlamətləri
Suçiçəyinin əlamətləri bütün uşaqlarda və böyüklərdə oxşardır. Xəstəlik qəfildən başlayır, temperaturun 38-40 C-yə qalxması ilə müşayiət olunur, zəiflik, baş ağrıları qeydə alınır. Lakin suçiçəyinin əsas əlaməti bütün bədənə, hətta selikli qişalarda yayılmış çoxsaylı səpgilərdir. İçərisi maye ilə dolu olan səpgilər möhkəm qaşınma verir və bu uşaqlarda böyük narahatçılıq yaradır. Səpgilərin əsas lokallaşma yerləri bədən, baş (üz və tüklü nahiyə), cinsiyyət orqanları və ağızdır.

Suçiçəyinin ilkin əlamətləri dəridə diametri 1 sm-dək olan qızartıların yaranmasıdır. Qısa müddət keçdikdən sonra onların yerində içərisində şəffaf maye olan suluqlar əmələ gəlir, nəticədə onlar transformasiya edir və qabıq verir. Səpgilərin bir neçə dəfə yaranması mümkündür.

Uşaqlarda suçiçəyinin müalicəsi
Uşaqlarda və böyüklərdə suçiçəyinin müalicəsi xoşagəlməz simptomların aradan qaldırılmasına yönəldilib. Xəstəlik tədricən sağalır və bir qayda olaraq, özündən sonra iz qoymur. Uşaqlarda ağırlaşmaya nadir hallarda rast gəlinir, belə vəziyyətlər daha çox böyüklərdə qeydə alınır.

Uşaqlar səpgiləri qaşımağa meyilli olduqları üçün müalicə, əsasən, qaşınmanın aradan qaldırılmasına yönəldilməlidir, bu zaman səpgi və suluqların irinləməsinin də qarşısı alınır. Bunun üçün müxtəlif dərman məhlulları mövcuddur.

Uşaqlarda suçiçəyinin necə müalicə olunması və optimal nəticələr almaq üçün hansı vasitələrin istifadə edilməsi fərdi məsələ olub, həkim və valideyn arasında həllini tapır.

Südəmər uşaqlarda suçiçəyi
Suçiçəyi xəstəliyinə 6 aydan yuxarı istənilən uşaq yoluxa bilər. Bir qayda olaraq, südəmər körpələr bu xəstəliyi daha ağır keçirirlər -suçiçəyinin simptomları onlara çox əziyyət verir. Ona görə də analar belə dövrlərdə körpələrinə xüsusi diqqət və qayğı göstərməlidirlər.

Yenidoğulmuşlarda və daha böyükyaşlı uşaqlarda suçiçəyinin simptomları eynidir. Lakin xəstəliyin xüsusi ağır formaları orqanizmə ciddi zərər vura, daxili orqanların inkişafına mənfi təsir göstərə bilər. Südəmər körpələrdə suçiçəyi xəstəliyinin müalicəsi mütəxəssisin nəzarəti altında aparılmalıdır.

Suçiçəyi əleyhinə peyvənd
Həkimlər 12 aydan yuxarı uşaqlara suçiçəyi əleyhinə peyvənd vurdurmağı tövsiyə edirlər. Bu, orqanizmi bir neçə il ərzində xəstəlikdən qoruyur.

Onu da qeyd etmək lazımdır ki, bir sıra mütəxəssislər hesab edirlər ki, suçiçəyinə uşaq yaşlarında yoluxmaq daha yaxşıdır ki, ömrün sonunadək immunitet yaransın. Çünki böyük yaşlarda suçiçəyi daha ağır fəsadlar verə bilər.