Azərbaycanda ilk dəfə olaraq ölkənin uzunömürlülük xəritəsi tərtib edilib.
Unikal.org xəbər verir ki, bunu trend-ə Milli Elmlər Akademiyası Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova deyib.
U.Həşimova bildirib ki, Azərbaycanın bəzi bölgələrində uzunömürlülülk indeksi çox yüksəkdir:
"Elə bölgələr var ki, orada uzunömürlülük indeksi ilə bağlı rekord göstəricilər qeydə alınır. Şuşa, Xocavənd, Xankəndi, Qazax, Tovuz rayonları üzrə sakinlərin uzunömürlülüyü ilə bağlı göstəricilər yüksəkdir. Buna görə də yaxın gələcəkdə biz o rayonlar üzrə, eləcə də Naxçıvan Muxtar Respublikasında tədqiqatlar aparmağı planlaşdırırıq. Amma bu il uzunömürlülərlə bağlı İsmayıllı rayonunda tədqiqatlar aparılacaq".
U.Həşimova belə bir tədqiqatın artıq cənub rayonlarında aparıldığını da söyləyib.
Hazırda Azərbaycanda 90 yaşından yuxarı olan təxminən 10000 nəfər uzunömürlünün olduğunu deyən U.Həşimova bildirib ki, uzunömürlülər tədqiq olunarkən əvvəlcə, onların yaş verifikasiyası aparılır. Lakin yaşın verifikasiyasının aparılması uzunömürlülərlə bağlı aparılan tədqiqatların ilkin mərhələsi olur. Tədqiqatlar zamanı uzunömürlülər, onların ailə üzvləri, eləcə də uzunömürlülük qeydə alınmayan ailələrin üzvləri tədqiqat qrupuna cəlb edilir və onlar üzərində eyni tibbi-bioloji müayinələr aparılır. Bu müayinələrin aparılmasında həkimlər, bioloqlar, psixoloqlar və s. iştirak edir.
U.Həşimova əlavə edib ki, Azərbaycanda uzunömürlülüyün elmi tədqiqinə 80-ci illərin ortalarından başlanılıb və bu tədqiqatlar Azərbaycanın müxtəlif bölgələrində aparılıb:
"Uzunömürlülərin sayının artıb-azalması dalğavari prosesdir. Ölkədə baş verən müəyyən hadisələr onların sayına təsir göstərib. Məsələn, məcburi köçkünlük ilk növbədə qocalar və uzunömürlülərə öz mənfi təsirini göstərib. Son məlumatlar isə ölkəmizdə uzunömürlülərin sayının artdığını göstərir".