Ölkədə yay fəsli ilə əlaqədar olaraq avtomobillərə jalüz tipli pərdələrin vurulmasına icazə verilib.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri, polis mayoru Rüfət Quliyev deyib.
R.Quliyevin sözlərinə görə, qanunvericiliyə görə, avtomobillərin yan şüşələrinə jalüz tipli pərdələrin vurulmasına noyabrın 15-dək icazə verilir: "Yol hərəkəti haqqında" qanunda sürücünün görünüş dairəsini məhdudlaşdıran, şüşələrin şəffaflığını korlayan örtüklərin (pərdə və plyonka) çəkilməsi nəqliyyat vasitəsinin istismarının qadağan olunmasına əsas olan nasazlıqlar kimi müəyyən edilib. Lakin Azərbaycanın iqlim şəraitini nəzərə alaraq yay aylarında jalüz tipli pərdələrin istifadəsinə icazə verilir. Belə ki, mayın 1-dən noyabrın 15-dək nəqliyyat vasitəsinin arxadakı yan şüşələrində sənaye üsulu ilə hazırlanan jalüzlərin istifadəsinə icazə verilir".
R.Quliyev bildirib ki, yan şüşələrə plyonka və kustar üsulla hazırlanan pərdələrin vurulması qadağandır. Belə hallar aşkarlanarsa, həmin nəqliyyat vasitələrinin sürücüləri barədə qanunvericiliyin tələblərinə uyğun olaraq tədbir görüləcək.