Təhsil naziri Ceyhun Bayramov imtahan sessiyasının təşkili və keçirilməsi barədə əmr imzalayıb.
Unikal.org xəbər verir ki, əmrin imzalanmasında məqsəd ali və orta ixtisas təhsili müəssisələrində 2017/2018-ci tədris ilinin yaz semestrinin imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektivliyi təmin etməkdir.
Əmrə əsasən, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərləri imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etməlidirlər. Onlar rəhbərlik etdikləri təhsil müəssisələrində imtahan qərargahı yaratsınlar və qərargaha daxil olan hər bir şikayətin operativ şəkildə araşdırılmasını təmin etməli, imtahanların təşkilində və gedişində nöqsanlara, neqativ hallara yol vermiş şəxslər barədə mövcud qanunvericiliyə uyğun tədbirlər görməli, imtahan sessiyasında şəffaflığı təmin etmək üçün imtahanlarda ictimaiyyət nümayəndələrinin və valideynlərin iştirakına şərait yaratmalı və imtahan sessiyasının təşkili, keçirilməsi və nəticələri barədə sessiya bitdikdən sonra 10 gün müddətində Təhsil Nazirliyinə yekun hesabat verməlidirlər.
Elm, ali və orta ixtisas təhsili və Daxili nəzarət şöbələrinə tapşırılıb ki, imtahan sessiyasına hazırlıq dövründə və sessiya müddətində təhsil müəssisələrində baş vermiş neqativ hallarla bağlı daxil olan məlumatları operativ araşdıraraq onların yerində həll edilməsini təmin etsinlər. Bu hallara yol vermiş şəxslər müəyyənləşdirilərək onlar barəsində tədbirlərin görülməsi və nəticəsi barədə Nazirliyin rəhbərliyini məlumatlandırsınlar.
Əmrin icrasına nəzarət nazir müavini Firudin Qurbanova tapşırılıb.