Dövlət İmtahan Mərkəzinin 2-ci və 3-cü ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında maksimum bal toplayan abituriyentlərin adları açıqlanıb. İmtahanda 7 abituriyent təqdim olunan bütün test tapşırıqlarına düzgün cavab yazaraq, maksimum nəticə - 700 bal toplayıb.
Unikal.org xəbər verir ki, onlardan biri də Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın şagirdi Cahan Haşımzadədir. Cahan 2-ci ixtisas qrupu üzrə rekorda imza atıb. O, təhsilini Azərbaycan Dövlət İqtisad Universitetində maliyyə ixtisası üzrə ingilis dilində davam etdirmək niyyətindədir. Cahan Sumqayıt şəhər Təbiət Elmləri Təmayüllü Gimnaziyanın 700 bal toplayan ilk şagirdi deyil. Dövlət İmtahan Mərkəzinin 2-ci və 3-cü ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanında iştirak etmək üçün 36 min 559 abituriyent qeydiyyatdan keçib. Onlardan 630-u imtahanda iştirak etməyib, 31-i imtahan qaydalarını pozduğuna görə nəticəsi ləğv edilib. İmtahanda maksimum - 700 bal toplayan abituriyentlərdən ikisi 2-ci, 5-i isə 3-cü ixtisas qrupu üzrə bu nəticəni göstərib.