Mayın 17-si müqəddəs Ramazan ayının ilk günüdür.

Unikal.org bildirir ki, Qafqaz Müsəlmanları İdarəsinin Qazılar Şurasının fətvasına əsasən, bu il Azərbaycanda Ramazan ayının birinci günü miladi təqvimlə mayın 17-nə, Eydül-Fitr (Fitr bayramı) isə iyunun 15-nə təsadüf edəcək və həmin gün ölkədə bayram namazı qılınacaq.

Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının 2018-ci il üzrə hesablamalarına görə, Ramazan ayının 1-i Ayın ölkə ərazimizin üfüqünə uyğun görünməsinə əsasən Miladi tarixlə mayın 17-nə təsadüf edəcək və Ay göründüyü andan Ramazani-şərif başlayacaq. Mayın 16-dan 17-nə keçən gecə isə niyyət gecəsidir.

Qurani-Kərimin nazil edildiyi Qədr gecələrinin olduğu, günahların silindiyi və savabların ikiqat artdığı Ramazan ayında oruc tutmaq Uca Yaradan tərəfindən bütün müsəlmanlara vacib edilib. Bəşərin hidayət rəhbəri olan müqəddəs kitabımızda bu İlahi əmr barədə belə buyurulur: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) Ramazan ayında nazil edilmişdir. Aya(Ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutsunlar" ("Bəqərə", 185). Orucun fəzilətlərindən bəhs edən Həzrət Peyğəmbər (s) buyurmuşdur: "Oruc (insanı) cəhənnəm odundan qoruyan bir qalxandır".

Oruc ibadəti mənəvi saflığa, tibbi cəhətdən sağlam olmağa, pis vərdişlərdən uzaq durmağa və Allah yolunda xeyirxah işlər görməyə səbəb olur. İlahi dərgaha edilən həmd-sənanın açarı olan orucun sayəsində insan aclığa, susuzluğa tab gətirərək nəfsani istəklərinə qalib gəlir.

Oruc səbrin və mənəviyyatın imtahanı, xeyirxah niyyətlərin ən uyğun formasıdır. Bu ayda uşaq evlərinə, ehtiyacı olanlara, ahıl və kimsəsizlərə imkan daxilində kömək etmək Qadir Allahın nəzərində bəyənilən əməllərdəndir. İlahi rəhmətin bol olduğu Ramazani-şərifdə ən böyük savab Qurani-Kərimi tilavət etmək, qohum-əqrəbaya baş çəkmək, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm və fəzilət sahiblərinə ehtiram göstərmək, insanlar arasında ünsiyyət, dostluq və qarşılıqlı hörməti təbliğ etməkdir".

Orucun mühüm əməllərindən biri olan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. Fitrə canın sədəqəsi sayılır və imkanı olan müsəlman ailəsinin hər bir üzvü üçün fitrə zəkatı çıxarıb imkansızlara, ehtiyaclı ailələrə verməyə mükəlləfdir. Adambaşına 5-10 manat arası fitrə zəkatının verilməsi məsləhət görülür.

Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 17-də Bakıda imsak saat 03:41, iftar isə saat 20:07-dədir.

Birinci günün duası:

"Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin".

Tərcüməsi:

"İlahi, mənim orucumu oruc tutanların orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından hesab et, məni qəflət yuxusundan oyat. Bu ayda günahımı bağışla, ey Aləmlərin Rəbbi. Məni əfv et, ey günahkarları əfv edən Allah!"

Allah orucunuzu qəbul etsin!