Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə riyaziyyat müəllimlərinin forumu keçirilib.
Unikal.org xəbər verir ki, 150-dək riyaziyyat müəlliminin qatıldığı forumda riyaziyyatın aktual məsələləri müzakirə edilib.
Forumun açılışında çıxış edən rektor, professor Andris Leitas universitet barədə qonaqlara məlumat verərək bildirib ki, Qərbi Kaspi Universiteti son illərdə tədrisin keyfiyyətinin artırılmasına yönəlmiş proqramlar və infrastruktur layihələri həyata keçirib. Bu tədris ilindən etibarən mühəndislik ixtisasları üzrə kadr hazırlığı aparan universitetdə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi, eləcə də tələbələrin praktik layihələr üzərində işləməsi üçün Texnopark qurulub. Hazırda məktəblilərin də iştirakı ilə komandalar burada bir sıra layihələr üzərində işləyir. Bu layihələrdən biri Azərbaycan Respublikası Təhsil Nazirliyinin keçirdiyi Elektron Təhsil Respublika Müsabiqəsində birinci yerə layiq görülüb, daha sonra isə Türkiyədə keçirilən beynəlxalq müsabiqədə finala vəsiqə qazanıb.
Forumda Qərbi Kaspi Universitetinin müəllimləri - fizika üzrə fəlsəfə doktoru Svetlana Quliyevanın "Müasir elmin inkişafında Lütfizadə nəzəriyyələri: Qeyri-səlis məntiq nəzəriyyəsi və onun tətbiq sahələri, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru Afaq Həsənovanın "Ehtimal nəzəriyyəsi və riyazi tətbiqi aspektləri mövzusunda məruzələri dinlənilib.
Daha sonra müəllimlər universitetin yeni qurulmuş laboratoriya və mərkəzləri ilə tanış olublar. Məlumat verilib ki, Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbi müasir və unikal laboratoriya və qurğularla təchiz edilib, burada praktik məşğələrin həyata keçirilməsi, layihələrin hazırlanması və sınaqdan çıxarılması üçün hər cür şarait yaradılıb.
Qeyd edək ki, Forumun keçirilməsində məqsəd orta məktəb müəllimlərini ixtisaslaşdıqları istiqamət üzrə yeni bilik və informasiyalarla tanış etmək, məlumat mübadiləsi həyata keçirmək, universitet və məktəb müəllimləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına töhvə verməkdən ibarətdir.
Sonda forum iştirakçılarına sertifikatlar təqdim edilib.