Bakı şəhərində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədi ilə reyd keçirilib.

Bu barədə unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda bildirilir ki, reyd zamanı Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsi 25 ünvanında fəaliyyət göstərən Tan İnşaat Taahhüt Sənaye və Ticarət Anonim Şirkətinin boya sexində istifadə olunan kimyəvi maddələrin iy-qoxusunun ətrafa yayıldığı müşahidə olunub. Nazirliyin mütəxəssisləri tərəfindən sözügedən ərazinin atmosfer havasından nümunələr götürülərək fiziki-kimyəvi analizlər aparılıb və nümunələrdə zərərli maddələrin miqdarının dəfələrlə çox olduğu müəyyən edilib.

Faktla bağlı protokol tərtib olunub və şirkət barəsində hüquqi şəxs qismində İnzibati Xətalar Məcəlləsinə əsasən 10 000 manatdan 12500 manat məbləğinədək cərimə qərarı qəbul edilməsi üçün toplanmış sənədlər Xətai Rayon Məhkəməsinə göndərilib.

Atmosfer havasının çirklənməsinin qarşısının alınması istiqamətində zəruri və təxirəsalınmaz tədbirlərin görülməsi üçün şirkətə icrası məcburi olan müddətli "məcburi göstəriş verilib.