Paytaxtdakı avtobuslardan birində sürücü ilə sərnişin arasındakı mübahisə soradan davaya çevrilib.

Unikal.org "Xəzər TVyə istinadən xəbər verir ki, hadisə 125 saylı marşrut üzrə hərəkət edən avtobusda baş verib.

Avtobusa uşağı ilə minmək istəyən qadınla sürücü arasındakı mübahisə gediş haqqı üstündə yaranıb. Belə ki, sürücü qadından usağa görə də əlavə 25 qəpik ödəməyi tələb edib. Lakin sərnişin sürücünün bu tələbini yerinə yetirmək istəməyib.

Bu zaman salondakı sərnişinlərdən biri yaxınlaşaraq uşaq üçün də gediş haqqı ödəyib. Qadın sərnişin yenə mübahisəsini davam etdirərək sürücüyə "sən mənə 25 qəpik borclusan deyib. Sürücü də öz növbəsində bildirib ki, ödənişi edən oğlan ödəməyəydi.

Bundan sonra oğlan və dostları sürücü ilə mübahisə etməyə başlayıblar. Sürücü onları mübahisəni sonuncu dayanacaqda davam etdirəcəyi ilə bağlı hədələyib. Sürücünün yoluna davam etməsi oğlanların aqresivləşməsinə səbəb olub. Hadisə şahidlərinin dediyinə görə, onlar marşrut hərəkətdəykən sürücüyə hücum ediblər. Sürücünün döyülməsinə digər sərnişinlər çətinliklə də olsa mane ola biliblər.

Dava zamanı avtobusun şüşəsi sındırılıb.

"BakuBus MMC-dən bildirilib ki, sürücü artıq hüquq mühafizə orqanlarına müraciət edib. Fakt araşdırılır.