Daxili işlər naziri, general-polkovnik Ramil Usubov mayın 25-də və 26-da Bərdə şəhərində növbəti qəbul keçirib.
 
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, Rayon Polis Şöbəsində baş tutan tədbirdə Bərdə, Ağcabədi, Tərtər, Ağdam, Şuşa, Laçın, Beyləqan, Füzuli, Xocavənd, Goranboy, Xocalı, Naftalan şəhər və rayonlarından,  eyni zamanda, həmin bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərdən müraciət edən 59 vətəndaş ilə görüşən nazir onların polis orqanlarının fəaliyyəti ilə bağlı müraciətlərini şəxsən dinləyib, problemlərinin qanunvericiliyə uyğun şəkildə həlli üçün aidiyyatı baş idarə, idarə və xidmət, həmçinin ərazi polis orqanlarının rəislərinə konkret tapşırıqlar verib. 

Daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı olan məsələlərin əksəriyyəti elə yerindəcə öz həllini tapıb. 

Qəbulda iştirak edən vətəndaşlar bölgələrdə mütəmadi olaraq keçirilən belə görüşlərin təşkilinə, müvafiq dövlət orqanlarının rəhbərləri tərəfindən müraciətlərinə diqqətlə və həssas yanaşılmasına görə ölkə başçısına minnətdarlıq edib, onun Azərbaycan Respublikasının tərəqqisinə, iqtisadi dirçəlişinə, beynəlxalq imicinin daha da yüksəldilməsinə yönəlmiş siyasətini bundan sonra da dəstəkləyəcəklərini bildiriblər.