Gürcüstan Azərbaycanı NATO-nun bu ölkədə keçirilən təliminə qatılmağa dəvət edib.
Bu barədə Gürcüstanın müdafiə naziri Tinatin Xidaşeli məlumat verib.
Ölkələr arasında dördüncü görüşdə qarşılıqlı anlaşma haqqında Memorandumun imzalanması barədə yekun qərarın qəbul edilməsi haqda danışan gürcü nazir bildirib ki, dövlətlər arasında münasibətlərin əsasının 25 il əvvəl qoyulmasına baxmayaraq, yeni sənədin imzalanması əməkdaşlığın həyata keçirilməsi üçün daha əlverişli şərait yaradacaq.
Gürcüstanda Amerika və Britaniya hərbi qulluqçularının keçirdikləri "Noble Partner" təlimləri haqqında danışan Tinatin Xidaşeli qeyd edib ki, gələcəkdə belə təlimlər fransız, alman, türk və Azərbaycan hərbi qulluqçularının iştirakı ilə təşkil olunacaq.
"Gürcüstan bu tədbirlərdə öz tərəfdarlarını görməyə şad olardı", - deyə o bildirib.
Xatırladaq ki, bu gün Qəbələ şəhərində yerləşən Heydər Əliyev Konqres Mərkəzində Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri xanım Tinatin Xidaşeli və Türkiyə Respublikasının milli müdafiə naziri cənab İsmət Yılmaz arasında üçtərəfli formatda görüş keçirilib.
Nazirlər görüşdə regionda cərəyan edən hərbi-siyasi vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi apararaq hərbi sahədə əməkdaşlıq üzrə bir sıra qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.
(report.az)