Azərbaycanın bölgələrində vəkillərin sayı niyə azdır?
12:52 25-08-2012
CƏMİYYƏT
Azərbaycanın bölgələrində vəkillərin sayı niyə azdır?
Aydın Kərimov: "Hüquqşünas çox olsa da, bölgədə vəkil olmaq istəyən azdır, çünki maddi stimul yoxdur"
Hazırda Azərbaycan Vəkillər Kollegiyasının 738 nəfər üzvü var ki, onların da yarıdan çoxu Bakıda fəaliyyət göstərir. Vəkillər Kollegiyasının məlumatına görə, Bakı şəhərində vəkillərin sayı 544, rayonlarda isə 194 nəfərdir. Bölgələrin bəzilərində 2,3, bəzilərində isə ümumiyyətlə, vəkil yoxdur. Bölgələrdə yaşanan vəkil qıtlığının səbəbi nə ilə izah olunur?
Vəkil Aydın Kərimov bölgələrdə vəkillərin sayının az olmasını bir neçə səbəblə əlaqələndirib: "Hazırda bölgələrdə vəkillərin sayı çox azdır, hətta elə bölgələr var ki, orada heç vəkil yoxdur. Burada iki səbəb var: birincisi, bölgələrdə vəkil üçün müştəri çox güclü deyil. Baxmayaraq ki, bu gün mülki münasibətlərə keçirik, cəmiyyətdə vəkil hüququnun rolu artır, insanların sənədləşmələrinin aparılması ilə bağlı ehtiyacları artır. Amma hələ də vəkillər üçün müştəri azdır. Çünki insanların pul ödəmək üçün vəsaitləri o qədər də çox olmur. Ən əsas səbəb budur. Məsələn, Daşkəsəndə bir vəkil olsun, ay ərzində bu adam cəmi 4 məhkəmə prosesində iştirak edirsə, hər birindən 100-150 manat alsa, ayda 400-500 manat qazanmış olur. Bu, mümkün deyil, yəni maddi tərəfi təmin olunmur. Vəkillər Kollegiyası bu haqda ciddi fikirləşməlidir".
A. Kərimovun sözlərinə görə, rayonlarda fəaliyyət göstərən vəkillərə Vəkillər Kollegiyasının büdcəsindən vəsait ayrılmalıdır: "Rayonlarda vəkillərin sayı artırılmalıdır, elə bir bölgə qalmamalıdır ki, orada vəkil olmasın. Vəkillər çox olmalıdır ki, insanlar seçim edə bilsinlər. Bu gün, məsələn, Daşkəsən rayonunda vəkil yoxdur, vaxtilə Lerikdə də vəkil tapmaq olmurdu. Vəkillərin çoxu rayonlarda qeydiyyata düşürülər, amma Bakıda işləyirlər. Məsələn, Qazax hüquq məsləhətxanasının vəkilidir, amma Bakıda fəaliyyət göstərir. Faktiki olaraq, rayonda vəkil yoxdur, gedirsən rayona və baxıb görürsən ki, vəkil yoxdur. Amma sənədə baxanda görürsən ki, bu rayonda vəkil var".
Tanınmış hüquqşünas qeyd edir ki, ümumiyyətlə, bu problemi aradan qaldırmaq üçün mübahisələrin sayını azaltmaq lazımdır: "Bu problemləri fundamental həll etməyin rolu mübahisələrin sayını azaltmaqdır. Mübahisə həll olunsun və heç məhkəməyə qədər gəlib çıxmasın. Bu zaman vəkilə də ehtiyac azalar. Amma yenə də Vəkillər Kollegiyası bu barədə düşünüb, daşınmalıdır, vəkillərin statusu artırılmalı,vəkilliyə qəbul qaydaları sadələşdirilməlidir. Bu gün Azərbaycanda minlərlə hüquqşünas var, amma vəkillərin sayı olduqca azdır".
Tanınmış vəkil vəkillərin sayının artırılması məsələsinə də aydınlıq gətirib: "Sovet dövründə məhkəmə sistemində fəaliyyət mexanizminə, strukturuna görə vəkillərin rolu həddindən artıq az idi. Vəkilin statusu, nüfuzu çox aşağı idi. Bu ənənə hələ də qalmaqdadır. Baxmayaraq ki, ədalət mühakiməsi prinsip mexanizmi dəyişibdir. Bu gün ədalət mühakiməsi dartışma, tərəflərin çəkişməsi prinsipi əsasında həyata keçirilir. Hazırda prokurorla, hakimlə müqayisədə, vəkilin cəmiyyətdə rolu, nüfuzu, statusu çox aşağıdır. Ona görə də vəkilə bir dəllal, aradüzəldən, vasitəçi kimi baxanlar hələ də qalır. Bu baxımdan vəkilliyin populyarlığı azdır".
A.Kərimov qeyd edib ki, cavanlar əvvəlki illərlə müqayisədə, indi daha çox vəkilliyə doğru can atırlar. "Hazırda vəkillik institutunun nüfuzu sürətlə artmaqdadır. Düşünürəm ki, hər hansı bir müddətdə vəkillərin sayını artırmaq üçün imtahan sayını azaltmaq və sadələşdirmək olar. Heç imtahan olmaya da bilər. Vaxtilə hakim, polis, eləcə də prokurorluqda müstəntiq işləmiş adamların hamısını imtahan vermədən ora qəbul etmək olar ki, bu da vəkillərin sayını artırmaq üçün bir vasitə olar və kömək edə bilər. Xüsusilə də təqaüdə çıxan bir çox kateqoriya adamlar vəkil kimi işləyə bilərlər, amma onlar imtahan verməkdən çəkinirlər. Baxmayaq ki, onların bu sahədə təcrübəsi daha çoxdur", - deyə A. Kərimov vurğulayıb.
Nihadə Eyyubova
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49