"Rusiya görür ki, Azərbaycan etibarlı partnyordur, ona inanmaq olar. Elə buna görə də bizim birbaşa əlaqələrimiz möhkəmlənir".
Unikal.org xəbər verir ki, bunu Azərbyacanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ANS TV-nin "Hesabat" verilişində sualları cavablandırarkən deyib.
Son hadisələrlə bağlı bəzi məqamların ortaya çıxdığını, Ermənistanın özündə Rusiyaya qarşı etirazların artdığını söyləyən səfir, bütün bu baş verənlərin fonunda Moskvanın kimin daha etibarlı tərəfdaş olduğunu müşahidə etdiyini bildirib.
"Aprel hadisələri çox şeyi göstərdi, bəzi məqamlar özünü daha geniş biruzə verdi. Ermənistanda olan münasibətlər, İrəvanın özündə Rusiyaya qarşı etirazlar, rus səfirliyinə yumurta atmalar və s. kiçik məsələlər deyil. Moskvada baxırlar, kim daha etibarlı dostdur, kimə daha çox etibar etmək olar",- deyə Polad Bülbüloğlu son vəziyyəti şərh edərkən vurğulayıb.
Səfir aprel hadisələri zamanı dünya azərbaycanlılarının birliyindən, insanlarda olan vətənpərvərlik ruhundan da fəxrlə danışıb. Bildirib ki, ölkəmizin Rusiyadakı səfirliyinə döyüşlər gedən ərəfədə zənglərin ardı-arası kəsilməyib. Hər kəs torpaqlarımız uğrunda döyüşməyə, orduya kömək etməyə hazır olduğunu səfirliyə yazdığı məktublarla bildirib.
"Vladivostokdan Kalininqrada kimi nə qədər azərbaycanlı bizə könüllü olaraq orduya yazılmaq istəyi ilə müraciət etdi. Hər bir azərbaycanlıda böyük bir ruh oyanıb. Azərbaycan xalqı vətənpərvər xalqdır. Biz bu torpaqları azad edəcəyik. Torpaqlarımızı heç kimin əlində qoymayacağıq",- deyə səfir fəxrlə xalqımızdakı döyüş ruhundan da danışıb.