Bu gün vergilər naziri Mikayıl Cabbarov İsrailin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan Stav və onu müşayiət edən nümayəndə heyəti ilə görüşüb.
Nazirlikdən Unikal.org-a verilən məlumata görə, görüşdə cari ilin may ayında İsraildə keçirilmiş "Azərbaycan Respublikası Hökuməti ilə İsrail Dövləti Hökuməti arasında Birgə Komissiyanın ilk iclasında müzakirə edilmiş məsələlər, ölkələr arasında ticari-iqtisadi əlaqələrin inkişafı, kənd təsərrüfatı, yüksək texnologiyalar, alternativ enerji və təhsil sferalarında əməkdaşlıq, İsrailin işgüzar dairələrinin və sərmayəçilərinin ölkəmizin sosial-iqtisadi inkişaf layihələrində iştirakı barədə fikir mübadiləsi aparılıb.
Tərəflər Azərbaycan və İsrail arasında vergitutma sahəsində əməkdaşlığın perspektivləri, həmçinin qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.