Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoyulan Azərbaycanın dövlət-din modeli bütün dünya üçün nümunədir. Bu fikir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) və Şəki Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə iyunun 1-də Şəkidə "Azərbaycanın dövlət-din modeli: əsas istiqamətlər mövzusunda keçirilən konfransın ikinci panelində səsləndirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Dövlət Komitəsinin və şəhər icra hakimiyyətinin rəhbər şəxsləri, yerli hüquq mühafizə orqanlarının rəhbərləri, ərazi icra nümayəndələri və bələdiyyə sədrləri, Şəhər Ağsaqqallar Şurasının üzvləri, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar, fəal gənclər və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Konfransın təşkilatçı qurumlarının rəhbərləri əvvəlcə Ümummilli Lider Heydər Əliyevin şəhər icra hakimiyyətinin binası qarşısında ucaldılan abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Tədbirdə Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov çıxış edərək, bu gün ölkəmizdə dövlət-din münasibətlərinin mövcud səviyyəsinin ən yaxşı model kimi qiymətləndirildiyini diqqətə çatdırıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı dövlət-din münasibətləri sahəsindəki siyasətin əsas istiqamətləri, multikultural dəyərlərin qorunması, tolerantlıq mühitinə, milli mənəvi dəyərlərə bağlılığın gücləndirilməsi ilə bağlı görülən işlər barədə geniş məruzə edib. Komitə sədri bildirib ki, bu günlər xalqımız çox əlamətdar tarixi hadisəni - Azərbaycanın tarixində çox mühüm və əhəmiyyətli yer tutmuş Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini böyük təntənə ilə qeyd edir. Cümhuriyyətin tarixinin öyrənilməsi və ictimaiyyətə çatdırılması çox vacib bir məsələdir. Demokratik Cümhuriyyətin quruculuğunda həyata keçirilən tarixi işlər sonrakı dövrlərdə də Azərbaycan xalqının inkişafına, tarixinə, mənəvi həyatına çox böyük təsir göstərib.
Müsəlman dünyasını ümumi məqsəd ətrafında birləşdirməyin və vahid mövqedən çıxış etməyin Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri olduğunu diqqətə çatdıran Dövlət Komitəsinin sədri ötən ilin ölkəmizdə "İslam Həmrəyliyi İli elan edilməsinin dövlətimizin başçısının İslam birliyinə həssas münasibətini göstərdiyini deyib.