Xəbər verdiyimiz kimi, Lənkəran şəhərində imtahanda yüksək bal topladıqdan sonra sabiq təhsil naziri Mikayıl Cabbarovun əmri ilə məktəb direktoru vəzifəsinə təyin olunan gənc müəllim Fazil Gülverdiyev Lənkəran şəhər Təhsil şöbəsinə rüşvət vermədiyi üçün məcburi olaraq istefa ərizəsi yazaraq vəzifəsindən gedib. F.Gülverdiyev iddia edib ki, Lənkəran şəhər Təhsil şöbəsinin sabiq müdiri Şəhanə Əhmədovaya rüşvət verməklə məktəbdə direktor əvəzi Günay İsmayılova təyin edilib. Fazil Gülverdiyev onu da iddia edib ki, hazırda direktor əvəzi Günay İsmayılova məktəbdə bir sıra özbaşınalıqlar etməklə məşğuldur və bütün bu özbaşınalıqlara hazırda Lənkəran şəhər Təhsil şöbəsinin müdiri Aslan İbrahimov da göz yumur.
Fazil Gülverdiyev Unikal.org-a açıqlamasında bildirib ki, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısı Taleh Qaraşov onu qəbul edib: "İcra başçısı məni qəbul etdi. Çox səmi şəkildə şikayətimi dinlədi.
İcra başçısı Lənkəran şəhər Təhsil şöbəsinin müdiri Aslan İbrahimova imtahandan keçə bilməyən, hazırda Lənkəran rayonu Tükəvilə kənd tam orta məktəbində direktor əvəzi kimi çalışan Günay İsmayılova ilə növbəti il üçün müqavilənin müddətinin uzadılmaması tapşırığını verdi. Taleh Qaraşov buna görə, təhsil şöbəsinin rəhbərinə iradını da bildirdi. Vurğuladı ki, imtahandan keçə bilməyən necə məktəb direktoru ola bilər? "Rayonunda yerləşən məktəb üzrə direktor vəzifəsinə vakansiya elan olunacaq. 2018-cı ildə keçirilən direktorların işə qəbulu imtahanında sözügedən müəllimlərdə iştirak etməlidirlər. İmtahandan keçə bilməyənlərlə növbbəti il üçün müqavilə müddəti artırılmasın-deyə icra başçısı bildirdi.
O, məni də direktorların işə qəbulu imtahanında iştirak etməyə dəvət etdi. Əlavə etdi ki, sizin kimi cavan kadrlara ehtiyac var: "Siz əvvəlki imtahanda uğurla keçmisiz. Müəyyən səbəblərdən bu işdə çalışmamısız. Təklif edirəm ki, növbəti imtahanda iştirak edəsiz. İnanıram ki, bu dəfə də uğurlu nəticə göstərəcəksiz.
Taleh Qaraşov Aslan müəllimə imtahandan sonra mənə lazımi dəstək göstərilməsini tapşırığını da verdi.