Şamaxı şəhərində, 48-ci A məhəlləsindəki sürüşmə sahəsində torpaq qatı üzərində qeydə alınmış çatların ölçüləri böyüyüb, sürüşmə prosesi aktivləşib.
Bunu Unikal.org-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.
Ə.Qaralovun sözlərinə görə, may ayı ərzində Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci km-lərində sürüşmə prosesinin bir neçə yerində uçqun-töküntü, axma tipli sürüşmə hadisəsi baş verib. Yolun sol yamac hissəsində çatların və qırılma qaşının parametrləri böyüyüb.
Şamaxının Çabanı, Dədəgünəş sürüşmə sahələrində aktivlik, Muğanlı sürüşmə sahəsində çatların qismən genişlənməsi müşahidə edilib.
Ekspedisiya rəisi bildirib ki, Bakı-Ağsu magistral yolunun 132-156-cı km-lərində sürüşmə prosesi aktivləşib, lokal sahələrdə uçqun qeydə alınıb. Şamaxı-Qaleybuğurd-Keçməddin yolunun 24-25-ci km-lərində ötən aylar ərzində Ağsuçayda baş vermiş sel nəticəsində Keçməddin kəndinə giriş yolunun 35-40 metr hissəsi tamamilə sıradan çıxıb.
Ə.Qaralov onu da qeyd edib ki, Suraxanı rayonu, Zığ 1 sürüşmə sahəsində lokal və texnogen amillərin təsirindən sürüşmə prosesinin dinamikasında nisbi aktivlik müşahidə edilib. Abşeron rayonunda "Zəli gölü adlanan ərazidə uçqun prosesinin dinamikasında və Nübar qəsəbəsindəki sürüşmə-çökmə sahəsində nisbi aktivlik qeydə alınıb.