Cənubi Amerikada 8 ton narkotik aşkarlanıb. Hadisə Kolumbiyada baş verib.
 
Aşkar edilmiş narkotik maddənin ümumi dəyəri 240 milyon ABŞ dollarından artıq olub.

Kolumbiyanın şimal-qərbindəki Antyokiya adlanan inzibati ərazidə baş verib. Yeraltı zirzəmilərdən birində ümumi çəkisi 8 min kiloqramdan artıq olan narkotik maddə aşkarlanıb.


Müsadirə olunmuş narkotik maddənin 240 milyon dollar dəyərində olduğu bildirilir. Hadisədə şübhəli bilinən  3 nəfər saxlanılıb.

Kolumbiyanın müdafiə naziri Luis Karlos Vilyeqas yükün "Usuqa" narkokartelinə məxsus olduğunu bildirib. Cinayətkar qruplaşma uzun müddətdir ki, axtarışdadır. Onun rəhbəri barədə məlumat verənə ABŞ 5 milyon dollar vəd edib.

BMT-nin hesablamalarına görə, Kolumbiyada hər il 442 ton kokain istehsal edilir. 2015-ci ildə ölkədə 252 ton narkotik maddə müsadirə olunub.

Oxşar hadisə bir neçə gün əvvəl Rusiyada baş verib. Orenburq vilayətində qurulan marixuana satışı biznesinin Azərbaycandan idarə olunduğu deyilib. Orenburq vilayət məhkəməsi Orenburqun Lenin rayon məhkəməsinin narkotik satışı ilə məşqul qruplaşmanın üzvü 48 yaşlı Oleq Raxmatova dair çıxardığı qərarı qüvvədə saxlayıb. Məhkəmə müəyyən edib ki, Raxmatovun dostu onu marixuana satışı ilə məşqul olan qrupa cəlb edib. Qruplaşmanın təşkilatçısı Krasnoqvardeysk rayonunun sakini daha sonra Rusiyanı tərk edib və Azərbaycana gəlib. Burada o qanunsuz biznesi "Skype" vasitəsi ilə idarə edib. Həmin şəxs həmçinin öz arvadını və oğlunu da bu biznesə yönəldib. 

 
Raxmatov marixuananı Azərbaycanda olan şəxsdən alaraq onu qablaşdırılması və satışı üçün digər şəxslərə ötürüb. 

Məhkəmə onu 8 il müddətinə azadlıqdan məhrum edilməsinə  və 200 min rubl həcmində cərimələnməsinə dair qərar çıxarıb.  Cinayətkar qrupun digər üzvləri haqda işə Lenin məhkəməsində baxılır. (anspress)