Şamaxıda müəlliminin öz şagirdinə təcavüz edib, onu hamilə qoyması gündəmi məşğul edən hadisələrdəndir. Artıq müəllimin həbs olunması isə olayın izlərini aradan qaldırmaq üçün kifayət etmir. Ümumiyyətlə, təhsil müəssisələrində bu sayaq halların olması geniş yayılıb. Təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkələrində bu kimi hallar baş verir.
Unikal.org musavat.com-a istinadən bildirir ki, bunun səbəbləri barədə psixoloqların maraqlı müşahidələri var. Həmin olaylardan bəzilərini yada salmaqla mövzunu təhlil edək. Ailəsində şagird, azyaşlı uşaq böyüyən bütün valideynlərin diqqət etməli olduğu məqamları üzə çıxaraq.
Onların bəziləri bu əməli edir, videoya çəkir, hətta şantaj edirlər
Öncə bu sayaq hadisələrlə bağlı bəzi xatırlatmalar edək. Bu ilin martında Türkiyənin paytaxtı Ankarada 14 yaşlı qız qadın müəllimi tərəfindən cinsi istismara məruz qalıb. H.K.Y. adlı qadın müəllim 14 yaşlı qız şagirdinə çılpaq şəkil və videolarını göndərib. Məsələ qızın anasının onun telefonunu yoxlaması nəticəsində ortaya çıxıb. Telefonda qızının riyaziyyat müəlliminin çılpaq şəkil və videolarını görən ana məhkəməyə müraciət edib. Şagird olanların öz istəyi ilə baş verdiyini söyləyib. O, müəllimdən şikayət etməsə də, məhkəmədə qızın anası tərəfindən müəllimə 45 illik həbs cəzası istənilib. Mətbuatın yazdığına görə, taciz hadisəsi (bu, birbaşa təcavüz sayılmasa da, cinsi xarakteri əməllərlə azyaşlıların iradəsinə zidd olan hərəkətləri əhatə edir) ortaya çıxandan sonra müəllimə intihara cəhd edib. Hazırda Ankarada psixiatriya xəstəxanasında müalicə alır.
2013-cü ildə ABŞ-ın Los Anceles şəhərində 20 şagirdi ilə bir yetkinlik yaşına çatmış şəxsə cinsi təcavüz etməkdə ittiham olunan ibtidai məktəb müəllimi həbs edilib. Səlahiyyətlilər, haqqında 8 cinsi təcavüz və 7 əlverişsiz davranış ittihamı olan Robert Pimental üçün 12 milyon dollar zaminlik haqqı təyin olunduğunu açıqlayıb. Bundan əlavə, 57 yaşlı Pimental ittihamlardan sonra 1974-cü ildən bəri işlədiyi Corc Da La Torre Jr. ibtidai məktəbindən qovulub. Qeyd edək ki, Los Anceles ABŞ-da müəllim təcavüzlərinin ən məşhur olduğu ştat kimi tanınır. Bundan əvvəl isə dekabr ayında başa çatan bir məhkəmədə Queen ibtidai məktəbində təhsil alan və iki il boyunca müəllimi Forrest Stobbenin cinsi təcavüzünə məruz qalan 10 yaşlı bir uşağa 6,9 milyon dollar təzminat ödənməsinə qərar verilmişdi.
2014-cü ildə Türkiyənin Trabzon şəhərindəki orta məktəb müəllimi 9 qız şagirdini zorlayıb. Müəllim azyaşlı qızlara direktor otağında cinsi təcavüz edib. Hadisənin üstü isə müəllimin sonuncu dəfə 15 yaşlı şagirdini zorlamasından sonra açılıb. Qızın şikayəti əsasında müəllim həbs edilib. Araşdırmalar zamanı məlum olub ki, məktəbin müəllimi Mehmet Ali bundan əvvəl də 8 qıza təcavüz edib. Onun zorladığı qızlar əsasən 13 yaşdan 15 yaşa qədər olub. İyrənc əməlinə görə saxlanılan müəllimin işinə Trabzon şəhər Ağır Cəza Məhəməsində baxılıb. Müəllimə kütləvi şəkildə azyaşlı qızları zorladığına görə 27 ildən 72 ilə qədər azadlıqdan məhrum edilmə cəzası ilə cinayət işi açılıb. Dindirilmə zamanı müəllim əməlini etiraf etməsə də, ortaya qoyulan faktlar və şahidlərin sözləri onun günahını sübut edib. Müəllim məhkəmənin qərarı ilə 36 il 5 ay müddətinə azadlıqdan məhrum edilib.
2015-ci ildə Çində çəkilən qorxunc görüntülərdə bir lisey müəllimi qız şagirdinə öz otağında təcavüz edib. Zorla qızın dodaqlarından öpməyə çalışan müəllim qızı zorlamaq üçün fürsət axtarır. Bu utancverici hadisə ölkənin Yubey bölgəsində yaşanıb. Digər şagirdlər müəllimin 16 yaşlı qıza qarşı etdiyi əxlaqsız hərəkətləri telefonun kamerası ilə çəkiblər. Mobil telefonla çəkilən 30 saniyəlik video internetə yerləşdirilib. Videoda müəllimin öz şagirdini məcburən öpdüyü görünür. Görüntülər sosial mediada böyük reaksiyalara səbəb olub. Bunun ardınca həmin riyaziyyat müəllimi ifşa olunub və həbs edilib.
Karamandan Londona qədər... bəzi müəllimlər niyə iyrəncləşib?
Bu ilin aprelində Türkiyənin Karaman vilayətindəki məktəblərin birində 54 yaşlı ibtidai sinif müəllimi şagirdlərini taciz edib. Polisə şikayətdən sonra müəllim "uşaqlar öz aralarında etdiklərini mənim üzərimə atırlar. Uşaqlarla üzləşmək istəyirəm. Onlar həqiqəti açacaqlar" - deyib. Lakin məhkəmə uşaqların psixologiyası pozulmasın deyə, bu tələbi rədd edib. Təcavüzçü müəllimə 600 il həbs cəzası istənilir.
2014-cü ildə Londonda 46 yaşlı müəllimə 14 yaşlı şagirdinə təcavüz etdiyi üçün saxlanılıb. Amanda Loxkart adlı müəllimə şagirdi 17 yaşında təsəvvür etdiyini deyərək özünü müdafiə etməyə çalışıb. 14 yaşlı şagird isə məhkəmədə verdiyi ifadədəsində müəllimənin onu zorla cinsi əlaqəyə məcbur etdiyini bildirib: "Onun lüt şəkillərini çəkməyimi və sinəsinə toxunmağımı istədi". Amanda Loxkart iddiaları rədd edib. O şagirdin onu şantaj edərək cinsi əlaqəyə vadar etdiyini bildirib.
Türkiyənin Hatay bölgəsində şagirdləri ilə cinsi əlaqəyə girən müəllim həbs edilib. Hatayın Akçakoca kəndində orta məktəbdə bədən tərbiyəsi müəllimi işləyən şəxs 6 şagirdi ilə cinsi əlaqədə olub. Müəllimin iyrənc hərəkəti təcavüz etdiyi şagirdlərdən birinin polisə müraciəti ilə üzə çıxıb. Polis İdarəsindən verilən açıqlamada qeyd olunur ki, ərə getməyə hazırlaşan M.Y adlı şagird müəllimindən şikayət edib: "Həmin qız əvvəlcə öz nişanlısına bakirə olmadığını bildirib və nişanını geri qaytarıb. Daha sonra polisə müraciət edib".
Polisin məlumatına görə, müəllim həmin qızdan başqa qızlara qarşı da bu cür hərəkətlər edib. "Şagirdləri ilə cinsi əlaqəyə girən müəllim öz iyrənc hərəkətlərini də telefonla çəkib. Polis əməkdaşları onun iş yerində axtarış apardığı zaman telefonun yaddaş kartını pəncərədən yerə atıb və həmin kart polis əməkdaşlarının birinin qarşısına düşüb. Hatay Prokurorluğu tərəfindən aparılan istintaqın yekunu olaraq, şagirdlərini zorlayan müəllimə 2 ilə qədər həbs cəzası veriləcəyi gözlənilir.
Qorxusundan ölkəni tərk etmək istəyənlər, olayı boynundan atanlar
Ağstafa rayonu, Dağ Kəsəmənli kəndində də müəllimin öz şagirdinə təcavüz etməsi halı qeydə alınıb. Kənd orta məktəbində bədən tərbiyəsi müəllimi işləyən Rüstəm Ruslan oğlu Korovun 9-cu sinif şagirdi olan qıza (S.H.) qarşı seksual xarakterli hərəkətlər etməsi barədə polisə şikayət daxil olub. Daxil olan məlumat əsasında polis araşdırmalar başlayıb. Araşdırmalar zamanı hadisəni törədən şəxsin Azərbaycandan qaçdığı müəyyənləşib.
2012-ci ildə Quba rayonunun Aşağı Quşçu kənd sakini Z. S. azyaşlı qızlarla cinsi əlaqədə olub. Kəndin orta məktəbində ibtidai sinif müəllimi olan Z. S. dərs zamanı azyaşlı qızlara görüş təklif edib. Elə qonşuluqda olan Sevda (ad şərtidir-red.) ilə cinsi əlaqədə olmaq qərarına gəlib. Evdə tək olan ibtidai sinif müəllimi azyaşlı qızı evlərinə çağırıb. Heç nədən xəbəri olmayan azyaşlı qız müəllimin evinə gedir. Z.S. evə daxil olan qızı qucaqlayır və öpməyə başlayır. O, daha sonra qızı soyunduraraq onunla cinsi əlaqədə olur.
Sevda Z. S. tərəfindən zorlanması barədə valideynlərinə danışır. Valideynləri də əxlaqsız müəllimin hərəkətləri barədə Quba rayon Polis Şöbəsinə şikayət edirlər. Şikayət əsasında Z. S. məsuliyyətə cəlb edilir və barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (təqsirkar şəxs üçün aşkar surətdə on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri etmək) maddəsi ilə cinayət işi başlayıb. Cinayət işinin materialları baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Z. S. cinayət işi üzrə qapalı keçirilən məhkəmə iclasında özünü təqsirli bilməyib. Zərərçəkmiş azyaşlı qız da anasının iştirakı ilə məhkəmədə dindirilib. O, ifadəsində ibtidai sinif müəllimi tərəfindən necə zorlanmasını məhkəmədə danışıb. Hazırda bu cinayət işi üzrə qapalı məhkəmə iclası davam edir.
Öncə etimadını qazanır, sonra...
Psixoloqlar isə məlum olaylarla bağlı maraqlı araşdırma aparıblar. Türkiyənin "Sabah" qəzetində yayımlanan araşdırmaya görə, bu cür müəllimlər adətən psixoloji problemi olan, cinsi tələbatını ödəyə bilməyən, eyni zamanda cinsi pozğunluq yaşayan adamlardır. Bunun elmdəki adı pedofiliya - uşaqbazlıqdır ki, onu da ciddi xəstəlik hesab edirlər. Adəti üzrə bu cür şəxslər öz çirkin əməllərini birbaşa həyata keçirmirlər. Uzun müddət şagirdə yaxınlıq göstərir, onun etibarını qazanırlar. Bir çox hallarda dərslərindən geri qaldığını bəhanə edərək, dərsdən sonra tək sinif otağında saxlayırlar. Psixoloji pozğunluğu olan bu müəllimlərin böyük əksəriyyəti öz çirkin əməllərini telefonun yaddaşına köçürürlər. Bu məsələdə onların birinci məqsədi öz tələbatlarını ödəməkdirsə, ikinci məqsədi şagirdi şantaj edib, növbəti dəfələrdə də eyni halın yaşanmasına səbəb olmaqdır.
Psixoloqlar iddia edir ki, bu əməli törədənlərin böyük əksəriyyəti ciddi uşaqlıq travması yaşayanlardır. Uşaq yaşlarında təcavüzə uğrayan, valideynləri tərəfindən atılan, ciddi şiddət altında böyüyənlərin gələcəkdə bu cür cinayətlərə əl atması təcrübədə özünü göstərib.
Manyak müəllimlərin bəhanələri və valideynlər üçün önəmli məsləhətlər
Adəti üzrə bu cür şəxslərin özünümüdafiəsində də bir neçə əsas məqam var. Bunlardan biri etdiklərinin yanlış anlaşılmasıdır. "Mən onu uşağım kimi əzizləyirdim" tipli yalan bir çoxlarının məhkəmə ifadəsində yer alıb. Məsələn, Türkiyənin Kayseri vilayətində orta məktəblərin birində dərs deyən 44 yaşlı riyaziyyat müəllimi Murat B. kimi. O, dərsdən sonra qız şagirdlərini evinə aparırmış. Müəllim 10-11 yaşlı şagirdlərə əlavə olaraq evində dərs deyirmiş. Lakin onun bu əməli heç də xoşniyyətli olmayıb. Demə müəllim evdə şagirdlərinə cinsi təcavüz edirmiş. Yeniyetmə yaşına çatmayan qızları zorlayan müəllim valideynlərin şikayəti əsasında saxlanılıb. O, məhkəmədə ifadə verərkən barəsində səslənən ittihamları qəbul etməyib. "Uşaqlar üçün əlimdən gələni əsirgəməmişəm. Şagirdlərimi çox sevirəm", - deyə "müəllim" ifadəsində bildirib. Məhkəmənin qərarı ilə azyaşlı qızlara təcavüz edən azğın müəllim 16 il 8 ay həbs cəzası verilib.
Bu əməli edərkən anlaqlı vəziyyətdə olmadığını deyənlər, şagirdin onu yoldan çıxardığını iddia edənlər də var. Sonuncu hal bir neçə dəfə yaşanıb və müəllimlər günahı üzərindən atmaq üçün qiymət almaq istəyən şagirdinin onu şantaj etdiyini iddia edib. Araşdırmada qeyd olunub ki, bu kimi halların qarşısının alınmasında əsas yük valideynlərin üzərinə düşür. Uşaqlarının telefonlarına nəzarət etmək, onunla dərdləşmək, məktəbə tez-tez gedib-gəlməklə durumu gözlərilə görmək, dərslərdə iştirak etmək bu yollardan biridir. Birincisi, valideyni tərəfindən nəzarətdə olan şagirdi manyak şəxslər hədəfə çevirə bilmir. Bundan başqa, hər hansı neqativ hal baş verərsə, valideyn dərhal müdaxilə edib bu halın qarşısını ala bilər.