qida təhlükəsizliyi ilə bağlı xidmətlərin "ASAN xidmət mərkəzlərində həyata keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi arasında Anlaşma Memorandumu imzalanıb.
Unikal.org xəbər verir ki, Memorandumu Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev və Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli imzalayıblar.
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev çıxış edərək bildirib ki, Qida Təhlükəsizliyi Agentliyinin 14 xidməti "ASAN xidmət" mərkəzlərində həyata keçiriləcək.
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli rəhbərlik etdiyi qurumun fəaliyyəti haqqında məlumat verib. Qeyd edib ki, vətəndaşlara xidmət sahəsində "ASAN xidmətin əldə etdiyi uğurlar iki qurumun birgə əməkdaşlığı ilə qida təhlükəsizliyi sahəsində də davam etdiriləcəkdir.
Memoranduma əsasən, qida məhsulları sahəsində fəaliyyət göstərən subyektlərin qida təhlükəsizliyi qeydiyyatı, müvafiq sertifikatlarının verilməsi və dövlət reyestrinin aparılması ilə bağlı təşkilati, hüquqi, maarifləndirici işlərin hazırlanması və həyata keçirilməsi "ASAN xidmət mərkəzləri vasitəsilə təmin olunacaq.
Həmçinin "ASAN xidmət təcrübəsinin öyrənilməsi, xidmətlərin elektron formada həyata keçirilməsi üçün müvafiq proqram təminatının, informasiya sistemlərinin, məlumat bazalarının formalaşdırılması, ASAN könüllülərinin potensialından istifadə olunması, o cümlədən "ABAD publik hüquqi şəxslə əməkdaşlığın həyata keçirilməsi də nəzərdə tutulur.