Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi "Elm haqqında" qanun layihəsindən çıxarılıb. 

Bu gün Milli Məclisdə "Elm haqqında" qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.

Unikal.org APA-ya istinadən bildirir ki, layihə barədə məlumat verən Milli Məclisin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, magistratura təhsilinin iki istiqamət (ixtisas və tədqiqat magistraturası) üzrə aparılması ilə bağlı maddə "Elm haqqında" qanun layihəsindən çıxarılıb. Magistratura təhsilinin iki istiqamət üzrə aparılmasını əhəmiyyətli hesab edən İ. Həbibbəyli əlavə edib ki, II oxunuş üçün yenidən müzakirələr zamanı həmin maddənin layihədən çıxarılmasına qərar verilib: "Bu maddə "Təhsil haqqında" qanun üçün daha əhəmiyyətlidir. Ona görə maddəni "Təhsil haqqında" qanuna əlavə və düzəlişlər kimi etmək fikrindəyik".
 
İ. Həbibbəyli bildirib ki, layihənin ən sonuncu variantı Azərbaycan elmi qarşısında qoyulan vəzifələri, müasir çağırışları yerinə yetirməyə imkan verir: "İlk dəfədir ki, layihəyə elmdə sahibkarlıq, elmi innovasiya haqqında maddələr daxil edilib. Həmçinin, ilk dəfə AMEA-nın üzvlüyü elmi rütbə hesab edilib. Elmlər doktoru elmi dərəcə olsa da, AMEA-nın müxbir üzvi, həqiqi üzvlüyü elmi rütbə hesab edilmirdi".
 
"Elm haqqında" qanun layihəsinin bundan əvvəlki variantına görə, magistratura pilləsində təhsil peşəkar məqsədlər üçün ixtisas magistri və elmi fəaliyyətlə məşğul olmaq üçün tədqiqat magistri üzrə həyata keçirilir. Tədqiqat magistri dərəcəsinə malik olan şəxslərə elmi tədqiqat və elmi-pedaqoji fəaliyyətlə məşğul olmaq, doktoranturaya daxil olmaq üstünlüyü verilir.
 
Qanun layihəsində Azərbaycanda elmi innovasiya fəaliyyətini həyata keçirən bütün müəssisə və təşkilatların fəaliyyətinin stimullaşdırılması da  təklif edilir. Layihəyə əsasən, elmi innovasiya sahəsində dövlət siyasətinin əsas istiqamətlərindən biri rəqabətqabiliyyətli, yüksək texnologiyalara əsaslanan istehsal sahələrinin yaradılmasında iştirak etməklə, dövlət sifarişi ilə yaradılmış milli innovasiya məhsullarının zəmanətli satış bazarlarının təmin edilməsi və xarici bazarlara çıxışının həvəsləndirilməsi və himayə edilməsidir.
 
Azərbaycanda elm və təhsil müəssisələrinin magistratura və doktoranturalarında əyani təhsil alanlara təhsilin fasiləsizliyini təmin etmək məqsədi ilə həqiqi hərbi xidmətdən möhlət hüququnun verilməsi məsələsi də "Elm haqqında" qanun layihəsindən çıxarılıb. İ. Həbibbəyli deyib ki, Azərbaycanda müharibə şəraiti bitənə, sülh sazişi imzalanana qədər gənclər hərbi xidmətdən kənarda qala bilməzlər. Bakalavrlar yalnız hərbi xidmət keçdikdən sonra magistraturada təhsillərini davam etdirə bilərlər.
 
Komitə sədri deyib ki, təhsil kreditlərinin verilməsi və təhsil alanın borcunu əmək fəaliyyətinə başlayarkən ödəməsi də qanun layihəsində əksini tapıb. Bu, doktorantura üçün nəzərdə tutulub, gələcəkdə magistratura üçün də tətbiq edilə bilər.
 
Qanun layihəsi əsas kimi qəbul edilib və müzakirələr başlayıb.