Aprelin əvvəlindəki dörd günlük döyüşlərdə Raket və Artilleriya Qoşunları da üzərinə düşən tapşırıqları layiqincə, vaxtında və dəqiqliklə yerinə yetirdi.
Unikal.org xəbər verir ki, bunu "AzeriDefence" jurnalına müsahibəsində Azərbaycan Raket və Artilleriya Qoşunlarının komandanı, general-mayor Zahid Hüseynov bildirib.
"Biz dördgünlük döyüşlərdə yeni aldığımız silahlardan demək olar istifadə eləmədik. Yeni alınanlardan yalnız tank əleyhinə sistemlərin bəzilərini tətbiq elədik və nəticəsi də müsbət oldu. Hətta ermənilər bundan sonra tanklarını döyüş meydanına çıxarmadılar", – deyə general qeyd edib.
General-mayor Z. Hüseynov qeyd edib ki, döyüşlər zamanı da artilleriya atışlarının idarə edilməsində PUA-lardan geniş istifadə edilib.
"PUA-lardan əlavə, bu gün istifadəmizdə düşmən tərəfindən atılan mərminin hərəkət trayektoriyası və digər parametrləri əsasında onun atəş nöqtəsinin yerini təyin edən sistemlərimiz mövcuddur. Biz döyüşlərdə bundan da praktiki olaraq istifadə etdik. Düşmənin artilleriya batareyalarının mövqeləri aşkarlanaraq maksimum 3 dəqiqədən az bir müddətə susduruldu. Beləliklə bu komplekslərin bizə böyük köməkliyi oldu. Bu sistemlər həm haubitsaların, həm də minaatanların yerini aşkarlamağa imkan verir. Bu eyni zamanda mərmi sərfini azaltdı".
General bildirib ki, döyüş əməliyyatlarının birinci iki günü ermənilərin artilleriyası demoralizə olub: "Hara atdıqlarını konkret olaraq bilmirdilər. Atışdan sonra qısa müddət ərzində onların həmin batareyasını susdururduq. Ermənilər bizim artilleriya atəşin nəticəsində şəxsi heyətdə çox itkilər verdilər. Dərinlikdə düşmənin 15-20 toplarını sıradan çıxardıq, eləcə də xeyli sayda hərbi texnikasını. Biz döyüşlər zamanı tapşırığa uyğun olaraq, yaşayış məntəqələrinə, mülki əhali olan yerə atəş açmadıq və qeyd etdiyim kimi, əlimizdə olan müasir texnologiyaların imkanlarından yararlanaraq, yalnız hərbi hədəfləri nişan aldıq. Tam əminliklə deyirəm, son döyüşlərdə düşmənin əks həmlə tətbiq edə bilməməsində artilleriyamızın rolu böyük oldu".