"Eurovision-2016" mahnı müsbiqəsinin qalibi Ukrayna təmsilçisi Camala özü və ailəsi barədə maraqlı faktlar açıqlayıb.
Unikal.org aznews.az-a istinadən bildirir ki, Krım tatarlarından olan və ailəsi sürgünə məruz qalan Camala "Eurovision-2016"ın qalibi olduqdan sonra verdiyi geniş müsahibəsində ifa etdiyi mahnısının tarixindən, mahnıyla verdiyi mesajlardan, Türkiyəyə olan bağlılığından və orada aldığı mükafatdan da bəhs edib.
"1944" mahnısının tarixindən bəhs edən Camala mahnının sözlərində nənəsinin hekayəsini qələmə aldığını bildirib: "Nənəm mənə Krım tatarlarının sürgünündən bəhs etdi. Mənə 1944-cü ildə bütün Krım tatarlarının iribuynuzlu heyvanlar üçün nəzərdə tutulan qatara mindirilərək Krımdan deportasiya edildiyi danışdı. Burada nə təmiz hava, nə yemək, nə də su varmış. Sürgün zamanı nənəm bir qızını itirib. Bu hər bir Krım tatarı üçün qorxunc hadisədir. Bu bizim ailə hekayəmiz, ailə dərdimizdir. Bu hekayəni hər eşidəndə canım yanırdı. Buna görə də bu mahnını yazdım".
Camala mahnısı ilə dünyaya 2 mesaj verdiyini qeyd edib: "Birincisi xalqımın başına gələn bu faciəni unutmamalıyıq. İkincisi mesaj isə ondan ibarətdir ki, gələcəyi qurarkən köklərimizin haradan gəldiyini xatırlamalıyıq".
"Eurovision-2016"ın qalibi Krım rəhbərliyinin ictimai yerləri bağlamasından da bəhs edib. Eyni zamanda Krımda gənclərin itkin düşdüyünü bildirib: "Biz bu yaşananları tamamilə unutmuşuq. Bəzi insanlar 1944-də nələr baş verdiyini belə bilmir. İndi özümü hər şeyi üzə çıxarmış kimi hiss edirəm. Krımın yeni rəhbərliyinin bir çox kitabxana, ictimai dərnəkləri bağladığını bilirəm. Bir çox gənc arxasında iz buraxmadan itkin düşüb".
Krım tatarlarına qarşı həyata keçirilən sürgündən bəhs edən "1944" adlı mahnısına görə Rusiyadan gələn reaksiyalardan da danışan Camala bu münasibətin onun üçün əhəmiyyətsiz olduğunu vurğulayıb: "Rusiyadan gələn reaksiyalar mənim üçün, sadəcə, söz toplusu, boş səs-küydür".
Türkiyəyə verdiyi dəstəyə görə türkcə təşəkkür edən Camala bu ölkə ilə sıx əlaqələri olduğunu bildirib: "Kiçik bacım türk ilə evlidir. 2 qızları var, İstanbulda yaşayırlar. Onlara tez-tez baş çəkirəm".
Camala vaxtiylə Türkiyədən mükafat aldığını və gələcəkdə burada konsert verəcəyini bildirib: "2014-də Türkiyə musiqisinə verdiyim töhfələrə görə "qırmızı alma" mükafatına layiq görülmüşəm. Türkiyədə 2 konsertim olacaq: biri Edirne, biri isə Eskişehirdə. Təəssüf ki, İstanbulda konsertim yoxdu. Bunun xəyalını çox qururam".
Camala türk musiqisinə olan heyranlığından da danışıb. Eyni zamanda sevdiyi türk müğənnilərin adını çəkib: "Türk musiqisini çox sevirəm. Məncə çox yaxşıdır. Sevdiyim bir çox türk müğənni var. Volkan Konağın heyranıyam. Mənim ən sevdiyim müğənnidir. Mahnı sözləri və aranjımanı çox güclüdür. Sezen Aksu möhtəşəm bir müğənnidir. Türkcə bir çox mahnılar dinləyirəm. Sizin "Eurovision"a qatılmayacağınızı eşidəndə təəccübləndim. Çünki musiqidə doğrudan da yaxşısınız".