Son illər Türkiyənin şərq vilayətlərində, o cümlədən İğdır vilayətində onkoloji xəstəliklərin artmasına səbəb "Metsamor" AES-in radioaktiv şüalanması ola bilər.
Unikal.org bildirir ki, bunu Trend-ə Türkiyənin Xalqların Demokratik Partiyasının (HDP) deputatı Mehmet Əmin Adıyaman deyib.

Onun sözlərinə görə, "Metsamor" AES hələ Sovet İttifaqı dövründə tikilib: "Bu AES Çernobıl tipindədir. Çernobıldakı qəza regionda xərçəng xəstəliyi hallarının artması, uşaqların müxtəlif patologiyalarla dünyaya gəlməsi ilə nəticələndi. Qəzanın fəsadları Türkiyədə hələ də hiss edilir. "Metsamor" AES-dən radiasiya sızması ilə bağlı şübhələr var. Son illər Türkiyənin sərhədyanı rayonlarında, o cümlədən İğdır vilayətində xərçəngə yoluxma hallarının artması, yeni doğulan uşaqlarda patologiyalar müşahidə olunur. Bunun "Metsamor" AES-dən olan şüalanma ilə bağlı olduğu ehtimal edilir".

Deputat qeyd edib ki, şüalanmanın nəticələri Qars və Ağrı vilayətlərində də nəzərə çarpır: "Beynəlxalq ictimaiyyət isə problemin həllinə məsuliyyətlə yanaşmalı və bu istiqamətdə səylərini artırmalıdır".