"Əgər Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün yaxın vaxtlarda ikinci raundu keçirilməsə, təmas xəttində vəziyyət yenidən gərginləşəcək".
 
Unikal.org bildirir ki, bunu APA-nın Moskva müxbirinə açıqlamasında rusiyalı politoloq, «Alte et Certe» Analitik Mərkəzinin rəhbəri Andrey Yepifanstev bildirib. Onun sözlərinə görə, prezidentlərin Vyana görüşünün keçirilməsi özü müsbət faktdır: "Nəzərə alaq ki, bir ay bundan qabaq qoşunları təmas xəttində gərginlik pik həddə idi. Ermənistan danışıqlar prosesindən, ümumiyyətlə, çıxdığını bəyan etmişdi. Bundan başqa, Yerevan danışıqlara başlamaq üçün ilkin şərtlər irəli sürmüşdü. Bu, Azərbaycan tərəfinin atəşkəs rejiminə əməl edəcəyinə zəmanət verməsi və digər şərtlərdən ibarət idi. Lakin göründüyü kimi, Ermənistanın irəli sürdüyü şərtlərin heç biri yerinə yetirilmədi və Yerevan da danışıqlar masasına oturdu".
 
Danışıqlar prosesində güzəşt ilkin olaraq Ermənistanın işğal etdiyi rayonlardan bir neçəsini nəqliyyat blokadasının aradan qaldırılması müqabilində Azərbaycana qaytarması ola bilər
 
Rusiyalı ekspertin fikrincə, əgər danışıqlar prosesində real irəliləyişlər olmasa, real addımlar atılmasa, müharibə təhlükəsi yenidən gündəmə gələcək: "Ermənistanın mövqeyi münaqişə bölgəsində "status-kvo"nu qoruyub saxlamaqdır ki, bu da münaqişənin həlli prosesi ilə bağlı danışıqları bəhrəsiz edir. Həmsədr ölkələr Azərbaycanı daim danışıqlar prosesində saxlamaq istəyirlər. Ona görə ki, Azərbaycan danışıqlar masasına oturanda, döyüşmür. O ki qaldı həmsədr ölkələrin tərəflərin güzəştlər tapmasına yardımçı olacağına, deyə bilərəm ki, danışıqlar prosesində güzəşt ilkin olaraq Ermənistanın işğal etdiyi rayonlardan bir neçəsini nəqliyyat blokadasının aradan qaldırılması müqabilində Azərbaycana qaytarması ola bilər. Hesab edirəm ki, həmsədr ölkələr Ermənistana bu addımı atmağa təzyiq etməlidir. Son 20 ildə Ermənistan "status-kvo"nu saxlamaqla uğur əldə etdiyini düşünürdü. Lakin aprel hadisələri bunun əksini sübut elədi. Son 20 ildə Ermənistan hərbi vəziyyətin Azərbaycanın xeyrinə dəyişdiyini gördü. Ona görə də hesab edirəm ki, hazırkı hərbi-siyasi vəziyyət Ermənistanın uzun illərdir ki tutduğu mövqedən əl çəkməsini mümkün edir. Bu zaman müəyyən imkan yaranacaq ki, kompromis əldə olunsun".
 
Rusiya İctimai Palatasının üzvü, Siyasi Təhqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov isə APA-ya prezidentlərin həmsədrlərin iştirakı ilə Vyanada baş tutan görüşünü belə şərh edib: "Prezidentlərin Vyana görüşü zahiri cəhətdən nəticəsiz olsa da, vacib görüş idi. Bu görüşdə heç bir razılıq əldə olunmadı, bircə təmas xəttindəki insidentlərin araşdırılması ilə bağlı razılıqdan başqa. Bu görüş bir neçə mərhələdə məlum formula çıxmaq üçün lazım idi. Bu, münaqişənin həlli ilə bağlı Kazan formuludur ki, özündə Dağlıq Qarabağ ətrafındakı ərazilərin qaytarılması müqabilində Ermənistan blokadasının yarılmasını əks etdirir. Bu formula çıxmaq üçün bir neçə belə görüş keçirilməlidir. Vyana görüşünü "dörd günlük müharibə"dən sonra danışıqlar prosesinin bərpası da adlandırmaq olar. Hesab edirəm ki, bu ilin sonuna kimi danışıqlar prosesində nailiyyət əldə olunacaq".
 
S. Markov onu da qeyd edib ki, münaqişə tərəfləri arasında Kazan formulu üzrə 95 faiz razılıq əldə olunub: "Qalan 5 faizdə isə fikir ayrılığı mövcuddur. Ermənistan tərəfi ilkin mərhələdə 5 rayonu qaytarmağa razılıq verib, Azərbaycan tərəfi isə 5 deyil, 6,5 rayonun (Laçından Ermənistan üçün dəhliz saxlamaq şərti ilə) qaytarılmasını tələb edir. İkinci fikir ayrılığı isə qəbul olunacaq yekun sənəddə BMT Təhlükəsizlik Şurasının məşhur qətnamələrinin hansısa formada xatırlanması ilə əlaqədardır. Azərbaycan bu məsələdə qəti təkid edir. Çünki bu qətnamələr Dağlıq Qarabağın Azərbaycana aid olmasını özündə ehtiva edir. Ermənistan tərəfi isə bunun əleyhinədir, çünki bu qətnamələr onun marağına uyğun deyil. Əlbəttə ki, digər vacib məqamlardan biri Dağlıq Qarabağda keçiriləcək referendumda azərbaycanlı köçkünlərin iştirakı məsələsidir. Azərbaycan bu məsələnin yekun sənədə salınmasına çalışır".