Ən yoxsul zümrə - müəllimlər...
12:58 29-08-2012
CƏMİYYƏT
Ən yoxsul zümrə - müəllimlər...
Etibar Əliyev: “Rayon və kənd məktəblərində vəziyyət olduqca bərbaddır”
Nəcəfalı Cahangirli: “Azərbaycan müəlliminin
normal insan kimi yaşaması onlar üçün maraqlı deyil”
... Uzaq illərin söhbətidir. 1989-cu ildə keçmiş SSRİ-də məşhur olan “Oqonyok” dərgisində Azərbaycanda adı yamana çıxmış akademik Aqanbekyanla müsahibə dərc edilmişdi. Dağlıq Qarabağ mövzusunda yox. Müsahibənin əsas mövzusu SSRİ-nin bir dövlət kimi iflasa uğramasıydı. Akademik bu iflasın bir neçə səbəblərini göstərmiş və başlıca səbəb kimi dövlət büdcəsindən elm və təhsilə, mədəniyyət və səhiyyəyə ayrılan vəsaitin ilbəil azalmasını xüsusi vurğulamışdı... Və həmin müsahibədən aydın olurdu ki, dövlətin güclü olmasını ifadə edən bir neçə amil var və bunlardan ən başlıcası təhsilə ayrılan vəsaitin məbləğidir...
Və beləliklə, əziz oxucu, bu günki Azərbaycan müəllimlərinin güzəranına və maaşlarına diqqət yetirib dünyada analoqu olmayan ölkəmizin bir neçə onillikdən sonra hansı durumda olacağını təsəvvür etmək çətin iş deyil.
Fakt: Xaçmaz rayonunda 2009-cu ildən bu günədək 17 məktəbdən bir nəfər abituriyent ali məktəbə qəbul olunmayıb.
Şərh: XXI əsr Təhsil Mərkəzinin sədri, fəlsəfə doktoru Etibar Əliyev bildirdi ki, rayon və kənd məktəblərində vəziyyət olduqca bərbaddır. “Hökumət daha çox inkişaf proqramlarını orta məktəb haqda, orta təhsilin inkişafı üçün qəbul edib. Bu vəsaitlərin də miqdarı həddindən artıq böyükdür. Məsələn, Dünya Bankının orta təhsilin inkişafı üçün 26 milyon manat, orta məktəblərin informasiya-texnologiyaları ilə təmin olunması 30 milyon və s. bu kimi iri layihələrə vəsait ayırıb. Çox təəssüf ki, hətta İKT-nin də orta məktəblərə gətirilməsi belə məktəb təhsilini səviyyəsini dəyişə bilmədi. Bu təbii ki, hamını narahat etməyə başlayıb”, - deyə ekspert qeyd edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən hər il aparılan statistik təhlillərdən də Etibar Əliyevin qabartdığı faktları görmək olur. Komissiyanın son 7 il üzrə apardığı təhlillərə görə, ərizə verənlər arasında 500 baldan çox yığmış abituriyentlər arasında ucqar kənd rayonlarının payı çox aşağıdır. 2010-cu ildə Bakı şəhərindən ərizə vermiş abuturiyentlərin 6,91 faizi 500 baldan yuxarı toplayıbsa, Sumqayıt üçün bu göstərici 6,34%, Gəncə üçün 3,99%, Naxçıvan üçün 6,33%, Mingəçevir üçün 5,85%, Şirvan şəhəri üçünsə 5,63% təşkil edib. Əyalətdən bu cür yüksək göstərici yalnız Şəki (5,99%) və Qax (6,41%) tərəfindən göstərilib. Ağsu (0,78%), Daşkəsən (1,64%), Beyləqan (1,42%), Yardımlı (1,56%) rayonları isə ənənəvi olaraq aşağı göstərici nümayiş etdirib. Qalan rayonlar üçün isə 500 baldan yuxarı toplayan abituriyentlərin xüsusi çəkisi cəmi 2-3% təşkil edib.
Qeyd edək ki, əksər rayonlar, hətta göstəricisi yuxarı olan rayonlar üzrə bu, belədir.Yəni haradasa orta hesabla hər rayonun 15-20 kəndindən şagirdlər ali məktəblərə daxil ola bilmir.
Etibar Əliyevin bunun səbəbini islahatların şəffaf şəkildə aparılmadığını və nəticələrin olmaması ilə əlaqələndirir: “Açıq şəkildə deyirəm ki, bu islahat proqramlarına ayrılan vəsaitlər korrupsiyaya uğradı. Ona görə də nə uşaqları məktəbə qaytara bildik, nə İnformasiya Kommunikasiya Texnologiyaları ilə təhsilin səviyyəsini artırmaq mümkün oldu. Müəllim hazırlığı ilə bağlı hökumət 10 milyonlarla pul tökdü, amma heç bir şey olmadı, yəni müəllim məktəbdən üz döndərib, evində dərs deyir. Ona görə də bu islahatlar heç bir effekt vermədi. Effekti olmadığına görə də bugünki orta təhsil bu səviyyəyə gəlib çatdı”.
Ekspert hökumətin bu tədbirlərinə baxmayaraq, təhsildə heç bir ciddi irəliləyişin olmamasını məktəb islahatlarının düzgün aparılmaması ilə izah edir.”Buraxılış və qəbul imtahanlarında vəziyyət ürəkaçan olmadı. 150 bal toplamış vətəndaşdan yaxşı mütəxəssis ola bilməz. Bəs, 300, 400, 500, 600 bal toplamış vətəndaşlardan ali məktəblər mütəxəssis hazırlaya bilərlərmi? Xeyr, yüksək bal toplayanların da əksəriyyəti xaricə gedirlər. Bunun özü də xüsusi bir problemdir”, - deyə o qeyd etdi.
Ekspert bölgələrdə müəllim probleminə gəldikdə isə problemi aradan qaldırmaq üçün xüsusi stimullaşdırıcı tədbirlərin həyata keçirilməsi əlaqələndirdi. “Elə sistem qurmaq lazımdır ki, kənddən şəhər oxumağa gedən şagird geri qayıtmalıdır. Bunun yeganə yolu isə böyük stimullaşdırıcı tədbirlərin görülməsidir. Müəllimə ən azı 4-5 dəfə çox maaş və torpaq sahəsi verilməlidir. Azərbaycan dünyanın bəlkdə yeganə ölkəsidir ki, təhsil bu qədər qeyri-bərabər paylanıb. Şəhərin mərkəzində bir neçə orta məktəb var, qalanları türk liseyləridir. Əyalətlərdə məktəb yoxdur. Hətta 2010/2011-ci tədris ilində 1300 məktəbdən bir dənə də olsun abituriyent ali məktəbə daxil ola bilmədi. Bunlar çox ciddi faktlardır”.
E.Əliyev təhsildəki uğursuzluqlar nəticəsində dövlətə il ərzində yarım milyard manata qədər zərər dəydiyini də bildirdi: “Uşaq 1-ci sinifdən 11-ə kimi təhsil alır, nə qəbul imtahanında iştirak edir, nə peşə məktəbinə daxil olur, həm də 0-100 bal toplayır. Bunlar- ziyan vuranlardır, buna kim məsuliyyət daşıyır, heç kim bu haqda düşünmür”.
Azad Müəllimlər Birliyinin sədri Məlahət Mürşüdlü də təhsil sahəsində ciddi islahatların aparılmasına ciddi ehtiyac olduğunu düşünür. “İndi məktəbə gələn müəllimlərin heç biri müasir tələblərlə ayaqlaşa bilmir. Bu da birbaşa təlimin keyfiyyətinə təsir edən amillərdəndir. İkinci müəllimin sosial vəziyyəti yaxşılaşdırılmalıdır. Məktəblərdə elə sosial-iqtisadi, pedaqoji mühit yaradılmalıdır ki, müəllim bütün bilik-bacarıqlarını şagirdə ötürə bilsin. Məlumdur ki, sosial iqtisadi vəziyyət müəllimin fəaliyyətinə təsir edən əsas amildir. Üçüncü isə düşünürəm ki, idarəetmədə islahatlar aparılmalıdır. Müəllimə tədris prosesində fəaliyyətinə kömək göstərən sistem orta məktəbdə yaradılmayıb. Bunu bütün məktəblərə şamil edilməsini nəzərdə tutmuram, amma əksər böyük məktəblərdə bu problem var”.
Azad Müəllimlər Birliyinin sədri hesab edir ki, məktəbə gələn gənc müəllim, yaxud da stajlı müəllim bu dövrün tələbləri ilə ayaqlaşmalıdır. O, istər metodiki, elmi-nəzəri, istərsə də texnoloji biliklərini artırmalıdır: “Hətta çalışan müəllimlərin bu standartlara cavab verməsi üçün həmin pedaqoji mühit yaradılmalıdır. Mükəmməl idarə, nəzarət sistemi yaradılmalı, islahatlar aparılmalıdır, məüllimlərin sosial-iqtisadi vəziyyəti yaxşılaşdırılmalıdır. Əvvəllər nəticələr açıqlanırdı, attesstasiya aparılırdı, monitorinqlər keçirilirdi. Bütün bunlar keyfiyyətli müəllimin yetişməsinə imkan verirdi. Amma bu gün bunlar yoxdur”.
Məlahət Mürşüdlü tədrisin keyfiyyətinin stimullaşdırılmasının digər bir tərəfini isə bu sahəyə müəllimliyi sevən insanlar gəlməli olduğunu təklif edir. Onun fikrincə, məzunlar aşağı bal, diplom xatirinə bu sənəti seçirlər.
Vaxtilə isə kəndlərdə müəllimlər ən hörmətli peşənin sahibləri sayılırdılar. Kənd yerlərində həkim və müəllimlərə daha çox hörmət edilirdi. Ümid edirik ki, yenidən vaxt gələcək ki, müəllim peşəsi yenidən nüfuz qazanacaq və bu peşənin sahibləri layiq olduqları hörməti görəcəklər.
Bakıdakı orta məktəblərdən birinin müəllimi Nəcəfalı Cahangirlinin sözlərinə görə, “İndiki Azərbaycan müəliminin cəmiyyətdə nüfuzunu itiriməsi və nəticədə ölkənin təhsil sisteminin bərbad günə düşməsinin əsas səbəbi dövlət və cəmiyyət səviyyəsində müəllimlik peşəsinə həqarətlə yanaşılmasından qaynaqlanır. Bu gün ölkədə ən aşağı əməkhaqqı alan müəllimlər öz ailələrini dolandırmaq üçün əlavə üsullara, başqa işlərə əl atmalı olurlar. Nəticədə savadlı müəllimlər orta məktəbləri tərk edirlər. Məktəblərdə qalan müəllimlərin səviyyəsi isə müasir pedaqogikanın və çağdaş elmin tələblərinə cavab vermir”.
Cahangirlinin sözlərinə görə, “Çoxdandır ki, müəllimlərin maaşları artırılmır, amma ölkədə gündəlik tələbat mallarının qiymətləri günbəgün qalxır. Qalxan qiymətlərin sürətlə fırlanan çarxında müəllimin öz ailəsini təmin etmək imkanları getdikcə tükənir. Adama elə gəlir ki, müəllimi şüurlu və planlı şəkildə küncə qısnayırlar ki, bu millətin gələcəyi təhlükə altına alınsın. Bu bir elementar həqiqətdir ki, güclü dövlət, güclü cəmiyyət birinci növbədə güclü təhsil sistemi əsasında formalaşır. Məgər bizim başbilənlərimiz bu sadə həqiqəti anlamırlar? Mənə elə gəlir ki, anlamamış deyillər, sadəcə, Azərbaycan müəlliminin normal insan kimi yaşaması onlar üçün maraqlı deyil”.
Sözardı: İş burasındadır ki, Azərbaycanda təkcə müəllimlər bu durumda deyil. Cəmiyyətin ümumi mədəni səviyyəsinə cavabdeh olan digər peşə sahibləri – həkimlər, mədəniyyət işçiləri də aylıq qazanclarına görə hazırda aşağı, yəni yoxsullar təbəqəsinin nümayəndələri hesab edilə bilərlər. Olduqca anormal bir siyasətin qurbanına çevrilmiş bu zümrələrin durumu, bir daha təkrar edirik ki, ölkənin və cəmiyyətin anormal gələcəyindən xəbər verən xoşagəlməz əlamətlərdir.
Danışdıranda ölkədəki sürətli iqtisadi inkişafdan, analoqu olmayan iqtisadi artım tempindən mikrofon və telekameraların qarşısında ağızdolusu dəm vurmaqdan yüksəkrütbəli məmurlar – sanki pambıq planı doldurmaq barədə raport verirlər - bir dövlət kişisi kimi, nəhayət, müəllim, həkim, mədəniyyət işçisi peşəsinə və bu peşələrə mənsub olan insanların şəxsiyyətlərinə və ailələrinə elementar insani münasibət bəsləməyi öyrənə biləcəklərmi?
Çətin ki...
Aynur
Savalan
Digər Xəbərlər
2024-12-24 23:48:13
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49