Masallının Qəriblər kəndində bələdiyyə sədri ilə sakinlər arasında narazılıq yaranıb. Sakinlər deyirlər ki, bələdiyyə sədri stadion üçün ayrılan ərazini satıb. Qarşı tərəf isə iddianın əsassız olduğunu deyir.
Unikal.org-un məlumatına görə, sakinlər iddia edirlər ki, kəndin bələdiyyə sədri ümumi istifadədə olan futbol meydançasını ayrı-ayrı fiziki şəxslərə satıb.
Masallının Qəriblər kəndində gənclər uzun müddət bu ərazidə futbol oynayıblar. Hətta ərazidə özləri üçün müxtəlif idman qurğuları da quraşdırıblar. Lakin bir müddət sonra ərazi bolünərək müxtəlif insanlara satılıb. Halbuki, sənədlərə əsasən, həmin stadionda bir neçə inzibati bina da tikilməli imiş.
Artıq ərazidə tikinti işlərinə başlanılıb.
Qəriblər kənd bələdiyyəsinin sədri Müşviq Ağayev məsələ ilə bağlı deyir ki, sözügedən torpaq sahəsi təmsil etdiyi quruma məxsus olub və bunu sübut edən çıxarış da var.
Onun sözlərinə görə, həmin torpaq sahəsinin bir hissəsi sakinlərə satılıb, bir qismi isə kənd bələdiyyəsinin, icra nümayəndəliyinin və ərazi polis müvəkkilinin inzibati binasının tikintisi üçün ayrılıb.
Bələdiyyə sədri onu da bildirir ki, kəndin cənub hissəsində sakinlər üçün futbol meydançası tikilib. Ərazidə müasir tələblərə cavab verən infrastruktur yaradılır. Ancaq kənd sakinləri meydançanın uzaq olduğunu əsas gətirərək oranı bəyənmirlər. Sakinlər stadionun onlara qaytarılması üçün müxtəlif dövlət qurumlarına müraciət ediblər.