Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev iyunun 24-də Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyinin rəhbəri Serhan Aktoprakla görüşüb.
Unikal.org xəbər verir ki, Dövlət Komitəsinin sədri qaçqınlar və məcburi köçkünlər məsələsinin qlobal problemə çevrildiyini vurğulayaraq, Azərbaycanın da otuz ildir bu problemlə üz-üzə qaldığını, Ermənistanın təcvüzkarlıq siyasəti nəticəsində 1 milyon 200 mindən çox soydaşımızın doğma yurdlarından didərgin düşdüyünü xatırladıb. Bildirilib ki, qaçqınların və məcburi köçkünlərin problemlərinin həlli Azərbaycan dövlətinin prioritetlərindən biri kimi Prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədir. Birinci vitse-prezident xanım Mehriban Əliyevanın təşəbbüsü ilə bu istiqamətdə irihəcmli proqramlar icra edilir. Ağır və qəzalı şəraitdə yaşayan məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir.
Dövlət Komitəsinin sədri BMqT-nin Azərbaycanda qaçqın və məcburi köçkünlərlə bağlı icra etdiyi layihələrə görə təşəkkür edib.
Serhan Aktoprak səmimi qəbula görə təşəkkürünü bildirib. Azərbaycanın məcburi köçkünlərin sosial problemlərinin həlli ilə bağlı atdığı addımlar yüksək qiymətləndirilib. Vurğulanıb ki, BMqT Azərbaycanda məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrin iştirakçısı olmaqdan məmnunluq duyur.
Görüşdə Dövlət komitəsi və BMqT arasında mövcud və gələcək tərəfdaşlıq və qarşılıqlı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.