"Cənub Qaz Dəhlizi, TANAP, Bakı-Tiblisi-Qars dəmiryolu kimi layihələr Azərbaycanın iştirakı ilə həyata keçirilib. Bu proyektləri hökumətin dəstəyi olmadan edə bilmərik. Mənim ölkəm haqqında tənqidlər olur. Siz anlamalısınız ki, Azərbaycanda hazırda burda göstərilməyə çalışılandan fərqli vəziyət var".
Unikal.org-un apa-ya istinadən verdiyi xəbərə görə, bunu Azərbaycan Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin rəhbəri Səməd Seyidov qurumun yay sessiyasında Azərbaycanda prezident seçkiləri ilə bağlı AŞPA müşahidə missiyasının hesabatının müzakirəsi zamanı deyib.
"Biz çox güclü, müstəqil dövlətik və demokratiya yolunda irəliləməkdə qərarlıyıq. Bizim bir- birimizi eşitməyə ehtiyacımız var. Bu dediklərim Azərbaycanı anlamaq üçün bir imkandır. AŞPA-nın özünün islahatlara ehtiyacı var", - deyə S. Seyidov bildirib.
Milli Məclisinin AŞPA-da nümayəndə heyətinin üzvü Sevinc Fətəliyeva bildirib ki, Azərbaycanda seçkilərdə şəffaflığın təmin olunması üçün hər şey edilib: "Gəlin, qərarımızda daha tutumlu olaq. İnsanların seçimlərinə hörmət edək və bunu siyasi oyunlara çevirməyək,- deyə S. Fətəliyeva qeyd edib.