Rusiyada təşkil olunmuş futbol üzrə dünya çempionatının daha bir iştirakçısı FİFA tərəfindən cəzalandırılıb.
Unikal.org xəbər verir ki, ali futbol qurumu Argentina Futbol Federasiyasını 105 min dollar cərimə edib. Bu barədə FİFA-nın mətbuat xidməti məlumat yayıb.
Buna iyunun 21-də keçirilmiş Xorvatiya ilə oyunda (0:3) argentinalı fanatların iğtişaşlar törətməsi səbəb olub. Matçın gedişində argentinalılar xorvat tərəfdarlarla dava etmiş, oyunun keçirildiyi "Nijni Novqorod stadionuna ziyan vurmuşdular.
Bundan əlavə, matçdan sonra argentinalı futbolçular miks-zonada jurnalistlərlə söhbətdən imtina etmişdilər.
FİFA baş verənlərlə əlaqədar Xorvatiya Futbol İttifaqını da 13 min dollar məbləğində cərimə edib.