Dünyanın ən böyük sosial şəbəkəsi olan "Facebook 4 il sonra günəş batareyası ilə işləyən, yüksək hündürlükdə uzunmüddətli uçuşlar həyata keçirən və internet siqnalını ötürən "Aquila pilotsuz təyyarəsinin yaradılmasını nəzərdə tutan layihədən imtina edib.

Unikal.org   ICTnews-a istinadən xəbər verir ki, şirkət belə texnologiyaların inkişaf etdirilməsi üçün "Airbusla əməkdaşlığı davam etdirmək niyyətindədir:

"Biz bu layihə üzərində işləyərkən aerokosmik sahənin aparıcı şirkətlərinin bu texnologiya, həmçinin yeni pilotsuz uçan aparatların yaradılması və dizaynına sərmayə yatırdığını müşahidə etmək maraqlı idi. Və bütün bunları nəzərə alaraq şəxsi pilotsuz təyyarələrimizi hazırlamaqdan imtina etdik.

Xatırladaq ki, "Aquila layihəsi üzərində işlərə 2014-cü ildə başlanılıb. O vaxt şirkətin nümayəndəsi bildirmişdi ki, günəş batareyası ilə işləyən "Aquila pilotsuz təyyarəsi təxminən 3 ay müddətində havada qala bilər və 18-dən 27 km-dək hündürlükdən internetə çıxışı təmin edə bilər.

"Facebookun məlumatına görə, hazırda 4 milyarda yaxın insanın internetə çıxışı yoxdur. Çünki onlar genişzolaqlı mobil internet rabitənin əlçatmaz olduğu ucqar regionlarda yaşayırlar.