Şamaxının Pirbəhli kəndində müəllimin öz şagirdini zorlaması ilə bağlı yayılan xəbərlər hələ də ictimaiyyətin müzakirəsindədir. Xəbər verdiyimiz kimi "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova hamilə qalan azyaşlı qıza psixoloji dəstək göstərilməsi üçün sığınacağa gətirilməsi ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Asif Ağayevə elektron məktubla müraciət ünvanlamışdı. 

Məktubda deyilir ki, Pirbəhli kənd 9 illik kənd ümumi orta məktəbində təhsil almış 15 yaşlı qızın başına gələnlərdən xəbərdardırlar. Baş vermiş hadisə ilə bağlı hər hansı ittiham etmək niyyətləri yoxdur. Müraciət etməkdə məqsəd həmin qızın təşkilatın 16 ildən artıq fəaliyyət göstərən sığınacağına göndərilməsidir. Həmin sığınacaqda xanıma bütün yardım və dəstəklər təklif ediləcək. Baş vermiş hadisənin mətbuatda müxtəlif versiyalarla səslənməsinin qarşısını yalnız peşəkar psixoloji yardım dayandıra bilər. İcra başçısına ünvanlanan müraciətdən üç gün keçməsinə baxmayaraq təşkilat rəhbərinə hələki konkret cavab verilməyib. 

"Təmiz Dünya" Qadınlara İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova deyib ki, yazılı müraciətdən sonra Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə yaradıb: "Mənə bildirdilər ki, qızın valideynləri ilə danışıb, məsələ barədə onlara bildiriləcək. Əgər qızın sığınacağa yerləşdirilməsi üçün razılıq versələr, koordinatlarımızı ailəyə təqdim edəcəklər. Amma o vaxtdan hələ xəbər yoxdur. Amma mən özüm real vəziyyətə baxmaq üçün Şamaxıya gedəcəyəm və çalışacağam ki, qızın özü ilə görüşüm.Görüm vəziyyət nə yerdədir. Çünki İcra Hakimiyyətindən konkret reaksiya yoxdur". Təşkilatın ünvanladığı müraciətə cavab verilməsi ilə bağlı Şamaxı Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gülnisə Ələkbərova "Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyini qızın ailəsi ilə əlaqələndirdiklərini bildirdi. Hamilə azyaşlının sığınacağa yerləşdirilməsinə razılıq verilib-verilməməsi barədə suallarımızı cavablandırmayan Gülnisə Ələkbərova ilə növbəti əlaqə yaratmaq cəhdi isə baş tutmayıb. Qeyd edək ki, Şamaxının Pirbəhli kəndində tarix müəllimi işləyən Elnur İbrahimovun 9-cu sinif şagirdini zorlaması nəticəsində məktəbli qız hamilə qalıb.

Cebhe.info