Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov 90 saylı Ağdaş seçki dairəsindən Milli Məclisə təkrar seçkilərdə namizədliyi irəli sürülmüş Ümid Partiyasının sədri İqbal Ağazadəyə imza vermiş şəxslərə qarşı təzyiq göstərilməsi ilə bağlı ittihamlara cavab verib.
Unikal.org bildirir ki, S.Novruzov Trend-ə deyib ki, bu ittihamlar tamamilə əsassızdır: "Bilirsiniz ki, Azərbaycanda həmişə azad, ədalətli və demokratik seçkilər keçirilib. Deputatlığa namizədliyin qeydə alınması üçün ən yüngül prosedur da Azərbaycandadır. Təxminən 450 imza toplayıb təqdim edirsən və bunun nəticəsində namizədlik qeydə alınır. Bununla bağlı da heç bir kəsə heç bir təzyiq göstərilə bilməz".
S.Novruzov deyib ki, 90 saylı Ağdaş seçki dairəsi üzrə seçkilərdə iştirak etmək üçün 13 nəfər müraciət edib: "Bunlardan 12-nin imza vərəqələri verilib. 12-dən hələlik 6 nəfəri imza vərəqələrini geri qaytarıb. Hazırda 3 nəfər namizəd kimi qeydiyyata alınıb. Digərləri də imza toplayırlar və DSK-ya təqdim edəcəklər. Yəni burada heç bir problem yoxdur".
YAP rəsmisi qeyd edib ki, qrup təşkil edib imza toplamaq lazımdır və bunun üçün də kifayət qədər zaman var: "Ağdaş rayon ərazisində təxminən 40 mindən artıq seçici var. Yəni 40 min seçicinin 0,1 faizindən kimsə imza toplaya bilmirsə, kiməsə imza vermirlərsə, kimsə gedib imzaları saxtalaşdırırsa və yaxud da kimdənsə aldadaraq imza alırlarsa, bunun təqsirini orada axtarsınlar. Bunun təqsirini Yeni Azərbaycan Partiyasının namizədinin üzərinə və yaxud da hakimiyyətin, icra hakimiyyətinin üzərinə yıxmaq lazım deyil. Bu ittihamların hamısı gələcəkdə seçkinin üzərinə kölgə salmaq məqsədi daşıyı. Bu, müxalifətin köhnə taktikasıdır, yeni taktika öyrənsinlər. Bu taktika artıq keçərli deyil"