Bakı Baş Gömrük İdarəsinin Poçt Göndərişlərinə Nəzarət Bölməsində Kanadadan beynəlxalq poçt göndərişləri vasitəsi ilə daxil olan poçt bağlamasına gömrük baxışı keçirilərkən kəskin qoxuya malik bitki mənşəli kütlələr aşkar edilib.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən unikal.org-a bildirilib ki, eyni gündə eyni şəxsin adına Böyük Britaniyadan beynəlxalq poçt göndərişləri vasitəsilə daxil olan digər bir bağlamadan isə gömrük nəzarəti zamanı toz halında maddə aşkar olunub.

Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspert arayışına əsasən bitki mənşəli kütlələr təmiz çəkisi 56,54 qram olan qurudulmuş marixuana, toz halında maddə isə təmiz çəkisi 6,212 qram olan və Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddə olan MDA-dir (tenamfetamin).

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd olunan bağlamanı sifariş verən Azərbaycan Respublikası vətəndaşı müəyyən edilərək poçt göndərişini qəbul edən zaman saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.
 
Xatırladaq ki, 28 Noyabr 2014-cü ildə Kanadadan Azərbaycana poçt bağlamasında narkotik maddə göndərilib. 
Bakı Baş Gömrük İdarəsinin Poçt göndərişlərinə nəzarət bölməsində poçt göndərişlərinə "Rapiscan" markalı rentgen aparatı vasitəsilə gömrük nəzarəti həyata keçirilib.
Baxış keçirilərkən Kanadadan daxil olmuş iki ədəd poçt bağlaması şübhə doğurduğu üçün saxlanılmış və gömrük yoxlaması zamanı bağlamanın birindən 2 kiloqram 15 qram, digər bağlamadan isə 2 kiloqram 300 qram olmaqla, cəmi 4 kiloqram 315 qram bitki mənşəli, tünd yaşıl rəngli, kəskin qoxuya malik maddə aşkar olunub.
Məhkəmə Ekspertiza Mərkəzinin arayışına əsasənhəmin maddələrin kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuana olduğu müəyyən edilib.