Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev mayın 17-də Ağdam və Bərdə rayonlarında olub. Səfər zamanı rayonların icra hakimiyyətləri başçıları, bir sıra mədəniyyət müəssisələrinin kollektivləri ilə görüşlər keçirilib.
Unikal.org xəbər verir ki, nazir müavini istifadəyə verilməsi üçün hazır olan Ağdam rayon Heydər Əliyev Mərkəzi və Veteranlar evinin binası ilə tanış olub, Ağdam Dövlət Dram Teatrının problemləri, repertuarı, tamaşaların hazırlanması prosesi ilə maraqlanıb.
Teatrın kollektivi bölgə teatrlarının Bakıda tamaşa göstərməsi təcrübəsini təqdirəlayiq hal kimi qiymətləndiriblər. Ədalət Vəliyev cəbhəyanı rayonlardakı teatrların fəaliyyətinin nazirlik rəhbərliyinin xüsusi diqqət mərkəzində olduğunu vurğulayıb. Ağdam teatrının bu il oktyabr-noyabr aylarında Bakıya qastrol səfərinə hazırlaşması barədə teatrın rəhbərliyinə göstəriş verilib.
Cəbhənin xəttinə yaxın ərazidə yerləşən Baharlı qəsəbəsinə gedən nazir müavini həmin vaxt bu yaşayış məntəqəsində olan Qaçqın və Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin sədri Əli Həsənovla birlikdə işğalçı Ermənistan ordusunun artilleriya atəşləri nəticəsində ziyan dəymiş evlərə baş çəkib, sakinlərlə görüşüb.
Qiyaslı kəndində yerləşən uşaq musiqi məktəbinin, Güllücə kənd mədəniyyət evinin, Mərzli kənd kitabxanasının, "Dördyol-1" qəsəbəsində yerləşən Güllücə uşaq musiqi məktəbinin kollektivləri ilə də görüşlər keçirilib, mədəniyyət ocaqlarının fəaliyyəti ilə bağlı tövsiyələr verilib.
Ədalət Vəliyev Bərdə rayonunda Dövlət Rəsm Qalereyası, 1 və 4 saylı uşaq incəsənət məktəbləri, Tarix-Diyarşünaslıq Muzeyi, rayon Mədəniyyət Mərkəzi və Mərkəzi Kitabxanada olub.