"İlk hadisə zamanı mən özüm də srağagün qəzanın baş veridiyi yerə getdim. Şəxsən müşahidə etdim ki, cərəyan açarı olan hissədə onun içərisindəki yağ dağılıb və qabağında olan kanallarda kabelləri yandırıb.
Unikal.org xəbər verir ki, bunu Azərbaycan prezidenti İlham Əliyevin yanında ölkənin enerji sistemində yaranmış vəziyyətlə əlaqədar bu gün keçirilən müşavirədə fövqəladə hallar naziri Kəmaləddin Heydərov deyib. Kəmaləddin Heydərov bildirib ki, "Azərenerji ASC təhlükəsizliyin təmin edilməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyinin tövsiyyələrinə riayət etməyib.
"Biz əvvəllər də "Azərenerjiyə göndərdiyimiz məktublarda qeyd etmişdik ki, bu kanalların üstü möhkəm bağlanmalı və açıq olmamalıdır, hər hansı bir qəza baş verərsə, o yağlar oraya tökülməsin. Təəssüf olsun ki, təxminən bütün 63 açarın qabağındakı kanalların hamısının üstü möhkəmləndirilməyib. Bizim, komissiyanın üzvlərinin, Baş Prokurorluğun, Daxili İşlər Nazirliyinin, yerli təhlükəsizlik orqanlarının əməkdaşları ilə birgə apardığımız müşahidəyə əsasən gəldiyimiz qənaət budur ki, doğrudan da bizim əvvəllər göstərdiyimiz iradların heç birinə riayət olunmayıb. Ərazi quru otlardan təmizlənməyib. Soyutma qurğularının heç biri demək olar ki, işləmir. Orada soyutma kanalı ilə gölünün dibindən alınan suyun temperaturu 12 dərəcə olmalı olduğu halda qəza baş verən gün suyun temperaturu 28 dərəcə olub, dünən isə 26 dərəcə idi. Yəni, bu, soyutma işlərinə maneçilik törədir. Cənab Prezident, Siz çox düzgün qeyd etdiniz ki, oradakı hər hansı bir yarımstansiyada qəza olduğu halda nəinki sistem çökməməlidir, heç o stansiyanın digər bloklarında da başqa bir şey olmamalıdır, - deyə K.Heydərov vurğulayıb.
Nazir qeyd edib ki, elektrik xətlərində, digər yerlərdə hər hansı bir qəzanın baş verməsi bununla məşğul olan müvafiq qurumlar arasında rabitənin və operativ əlaqənin olmamasının nəticəsidir: "Biz orada energetiklərlə söhbət etdik və soruşduq ki, niyə ikinci dəfə blok çökdü. Biz orada müşavirə keçirirdik və birdən-birə enerji kəsildi. Heç kim bizə məlumat verə bilmədi ki, niyə işləyən qurğu birdən-birə yatdı. Yəni, biz digər qurumlarla birgə hərə öz kanalından istifadə etdi ki, qəza hansı tərəfdən olub. Biri dedi ki, Şirvan stansiyasında yükləmə çox olub və ona görə burada açılıb. Biri dedi ki, Bakı-Abşeron xəttində gərginlik çoxaldığına görə olub. Biz illər boyu yazdığımız məsələləri dünən Baş Prokurorluğa, eyni zamanda, Daxil İşlər Nazirliyinə təqdim etdik.
Kəmaləddin Heydərov bildirib ki, qəza baş verən stansiya fiziki və mənəvi cəhətdən köhnədır.
"Vəsait ayırıb onu təmir etməzdən əvvəl, əgər imkan varsa tapşırığınıza əsasən bu sahədə beynəlxalq təcrübəsi olan qurum onu əvvəlcə audit etməlidir ki, hansı vəziyyətdədir. Ondan sonra digər şirkətlər onun necə qurulmasını və ümumiyyətlə, ölkə üzrə bu sistemin bir-birinə maneçilik törətmədən, əksinə, bir-birinə dəstək verərək işləməsi məsələsini ortaya qoymalıdır ki, nəinki hər hansı bir yarımstansiyada, hər hansı istilik elektrik və digər elektrik stansiyalarında qəza baş verdikdə ölkədə problem yaşanmasın, -deyə nazir vurğulayıb.
Prezident İlham Əliyev Kəmaləddin Heydərova bu təklifləri komissiyaya təqdim etməyi tapşırıb və əlavə edib ki, bu təkliflər komissiyanın yekun rəyində mütləq öz əksini tapmalıdır.