Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 5-də Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.

Unikal.org xəbər verir ki, dövlət başçısı Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusun rəhbərlik etdiyi təşkilatla Azərbaycan arasında uğurlu əməkdaşlığın həyata keçirilməsindən məmnunluğunu ifadə edib. Prezident İlham Əliyev qeyd edib ki, Dünya Səhiyyə Təşkilatı hər zaman Azərbaycanın təşəbbüslərinə və səylərinə dəstək verib və Tedros Adhanom Qebreyesusun bu səfəri əlaqələrimizin daha da möhkəmlənməsi baxımından önəmlidir. Səhiyyənin Azərbaycanda prioritet sahələrdən biri olduğunu qeyd edən dövlət başçısı son illər ölkəmizdə bu sahədə böyük işlərin görüldüyünü, xeyli sayda yeni xəstəxanaların və tibb mərkəzlərinin tikildiyini vurğulayıb. Prezident İlham Əliyev məmnunluq hissi ilə qeyd edib ki, hazırda Azərbaycanın hər bir şəhərində bütün lazımi tibbi xidmətləri əhatə edən ən müasir avadanlıqla təchiz olunmuş tibb ocaqları fəaliyyət göstərir. Görülən bütün bu işlər orta yaş həddinin artması və uşaq ölümünün azalmasına öz müsbət təsirini göstərib. Prezident İlham Əliyev Dünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini bildirib.

Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus, ilk növbədə, prezident seçkilərində qələbə qazanması münasibətilə dövlət başçısını təbrik edib.

Prezident İlham Əliyev təbriklərə görə minnətdarlığını bildirib.

Tedros Adhanom Qebreyesus Dünya Səhiyyə Təşkilatı ilə Azərbaycan arasında əməkdaşlıqla bağlı görülən işlərdən danışıb. Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən islahatlara, ölkəmizin hər yerində ən müasir tibb ocaqlarının inşa edilməsinə toxunan qonaq bu istiqamətdə əldə edilən nailiyyətləri Azərbaycan dövlətinin və şəxsən Prezident İlham Əliyevin səhiyyəyə göstərdiyi yüksək diqqət və qayğının nəticəsi kimi qiymətləndirib. Dünya Səhiyyə Təşkilatının baş direktoru ölkəmizdə qaçqın və məcburi köçkünlərə göstərilən yüksək dövlət qayğısından da danışaraq bildirib ki, bu sahədə Azərbaycanın təcrübəsi bir çox Avropa ölkələrinə nümunə ola bilər.

Söhbət zamanı əməkdaşlığımızın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

16:03

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesusu qəbul edib.

Unikal.org-un xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.