Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyeva "SABAHın məzunu" mərasiminin iştirakçılarına təbrik məktubu ünvanlayıb.
Unikal.org xəbər verir ki, məktubu Prezident Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin müdiri, Birinci vitse-prezidentin köməkçisi Yusuf Məmmədəliyev oxuyub.
Məktubun mətnində deyilir:
"Əziz, SABAH qrupunun məzunları,
Sizi ali təhsilinizi başa vurmağınız münasibətilə səmimi qəlbdən təbrik edirəm. Bu gün siz fərdi inkişafınızın əsas mərhələsi olan təhsili geridə qoyaraq həyatınızın daha da önəmli bir mərhələsi olan peşəkar inkişafa qədəm qoyursunuz. İndiyə qədər öyrəndiklərinizi artıq reallıqda tətbiq edərək onun bəhrəsini görəcəksiniz. SABAH qrupları ali təhsil müəssisələrində yeni və fərqli bir akademik mühit yaradaraq savadlı, bacarıqlı, ən əsası əmək bazarının tələblərinə cavab verən kadrlar yetişdirmişdir. Yaradılmış bu şəraitdən yararlanaraq məzun olmaq bir uğurdur və sizin peşəkar inkişafınızda müstəsna rol oynayacaqdır. Əminəm ki, sizin hər biriniz bu imkandan düzgün şəkildə istifadə edərək arzuladığınız peşəkar fəaliyyətlə məşğul olacaqsınız.
Əziz dostlar, əminliklə deyə bilərəm ki, təhsil strateji və prioritet sahə olmaqla dövlətimizin daim diqqət mərkəzindədir. Prezident İlham Əliyev tərəfindən 2013-cü ildə imzalanmış "Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası"na əsasən, ölkəmizdə təhsil sahəsində bir sıra əsaslı islahatlar keçirilib və bu proses indi də davam edir. Bizim əsas hədəflərimizdən biri universitetlərdə tədrisin keyfiyyətini artırmaq və qlobal əmək bazarının tələbələrinə cavab verən məzunlar yetişdirməkdir. "Təhsil millətin gələcəyidir" - məhz bu fikri əsas tutaraq ölkə rəhbərliyinin başçılığı ilə son illərdə təhsil sahəsində bir sıra yüksək göstəricilərə nail olmuşuq. Bu gün Azərbaycanda savadlılıq demək olar ki, 100 faiz təmin olunub. Belə bir mühit ilk növbədə sizə-gənclərə çoxsaylı imkanlar yaradır. Təbii ki, ölkəmiz son illər ərzində bütün sahələr üzrə inkişaf edir. Prezident İlham Əliyevin söylədiyi kimi, biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün isə əlbəttə ki, gənclər bilikli olmalıdır. Bu fikir şübhəsiz bizim gələcəyə baxışımızı və hədəflərimizi müəyyən edir.
Əziz gənclər, ölkəmizin təhsil sahəsində əldə etdiyi uğurlar heç də təsadüfi deyil. Dövlətçilik tariximizin ilk illərindən başlayaraq Azərbaycanda təhsilə xüsusi diqqət yetirilir. Əlamətdar tarixlərlə zəngin olan bu il biz Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyini qeyd edirik. Dövlətçiliyimizin qurulmasında, milli kimliyin və milli maraqların formalaşmasında əvəzsiz rolu olan Xalq Cümhuriyyəti bizim bu günədək fəxr etdiyimiz saysız uğurlara imza atıb. Düşünürəm ki, qısa müddətli dövrdə Xalq Cümhuriyyətinin ən böyük nailiyyətlərindən biri də məhz təhsil sahəsində olan yeniliklər idi.
Azərbaycan dilində tədrisə başlanılması, ilk universitetin yaradılması və gənclərin xaricdə təhsilinə dəstək verilməsi kimi mühüm addımlar atılıb. Lakin bundan sonra biz nailiyyətlərimizi qoruyub saxlamağa və daha da yüksək zirvələrə yüksəlməyə birlikdə çalışmalıyıq. Buna nail olmaq hər bir Azərbaycan vətəndaşı, xüsusilə siz gənclərsiz mümkün deyil.
Əziz məzunlar, sizin bugünkü uğurunuzda müstəsna rol oynamış müəllimlərinizə, valideynlərinizə xüsusi minnətdarlığımı bildirmək istəyirəm. Onlar da bizimlə bərabər, bu əlamətdar gündə qürur hissi keçirirlər. İnanıram ki, əldə etdiyiniz bilik və bacarıqlardan düzgün şəkildə istifadə edərək həm bir fərd olaraq, şəxsi inkişafınıza, həm də bir vətəndaş olaraq, doğma vətənimizin inkişafına öz töhfənizi verəcəksiniz. Hər birinizə gələcək həyatınızda can sağlığı, xoşbəxtlik, təhsilinizin növbəti pillələrində və işlərinizdə uğurlar arzu edirəm. Yolunuz açıq olsun!".