Milli Preventiv Qrupunun (MPQ) nümayəndələri NİDA Vətəndaş Hərəkatının üzvlərinin də saxlandığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı istintaq təcridxanasına əvvəlcədən xəbərdarlıq etmədən baş çəkiblər.
Ombudsman Aparatının mətbuat xidmətindən Unikal.org-a verilən məlumata görə, başçəkmədə məqsəd saxlanılma şəraitinin və rəftarın, habelə daxil olan müraciətlərin araşdırılması, təqsirləndirilən şəxslərin hüquqlarının təmin olunması, o cümlədən müvafiq şəkildə sənədləşmənin aparılması vəziyyətinin öyrənilməsi olub.
Başçəkmə zamanı MPQ üzvləri tərəfindən həmin müəssisədə saxlanılan təqsirləndirilən şəxslər Bayram Məmmədov və Qiyas İbrahimov təkbətək qəbul edilib.
Məlumatda qeyd edilib ki, MPQ-nin həkim üzvünün iştirakı ilə həmin şəxslərin bədəninə baxış keçirilib və hər hansı xəsarət aşkar olunmayıb.
Həmçinin, onların saxlanılmalarının qanuniliyini təsdiq edən sənədlərə, tibbi kitabçalarına baxış keçirilib. Baxış zamanı müəyyən edilib ki, həmin şəxslər Bakı İstintaq Təcridxanasına gətirildikləri zaman ilkin tibbi müayinədən keçiriliblər və müayinə zamanı onların bədən səthində xəsarət izi aşkar edilməyib.
B.Məmmədov və Q.İbrahimov bu müəssisədə saxlanılma şəraitindən və rəftardan razı olduqlarını, ailə üzvləri ilə maneəsiz telefon əlaqəsi yaratdıqlarını, sovqat qəbul etdiklərini, vəkillə görüşdüklərini bildiriblər.
Başçəkmə çərçivəsində başqa şəxslər də qəbul edilib və onlar hər hansı bir narazılıqlarını bildirməyiblər. Qəbul zamanı onlara hüquqları, müvafiq qanunvericiliyin tələbləri, Ombudsmanın səlahiyyətləri izah edilib, hüquqi məsləhətlər verilib. Başçəkmənin nəticəsi ilə bağlı Baş Prokurorluğa məlumat verilib.