Ötən ilin fevral ayında baş verən devalvasiyadan sonra dolların rəsmi məzənnəsi ilk dəfə olaraq 1,50 manat səviyyəsindən aşağı enib.
 
Mayın 20-ə olan USD/AZN rəsmi məzənnəsi 1,4987 səviyyəsində müəyyənləşib. Ötən iki gün ərzində dollar 1,5017 manata bərabər olub.
 
Maraqlıdır ki, bu proses hər kəsin manatın ucuzlaşmasını gözlədiyi bir vaxtda baş verib. Belə ki, ötən gün ABŞ-ın Federal Ehtiyatlar Sisteminin son iclasının protokolu dərc olunduqdan sonra dollar kəskin bahalaşmağa başladı. Bunun nəticəsi olaraq, neft dəyərdən düşdü. Protokollar dərc olunduqdan sonra inkişaf etməkdə olan ölkələrin milli valyutaları dollara qarşı təxminən 1% ucuzlaşdı. Bununla yanaşı, "Brent" markalı neftin qiyməti 1,1% azalaraq 49 dollar səviyyəsindən aşağı düşüb.
 
Lakin qərb analitikləri qeyd edir ki, bütün bunların fonunda stabilliyini qoruyan yeganə valyuta Azərbaycan manatı olub. "Manat FED-in protokollarını inkar edərək 0,41% möhkəmlənib. Baxmayaraq ki, söhbət neft qiymətlərinə birbaşa bağlı olan valyutadan gedir, neft isə ucuzlaşıb. Neftin qiymətinə bağlı olan bütün valyutalar dollara nisbətən ucuzlaşıb. Məsələn, Meksika pesosu 0,76%, Rusiya rublu 0,63%, Braziliya realı 0,6%, Çin yuanı 0,43%, Qazaxıstan təngəsi 0,34% ucuzlaşıb", - deyə analitiklər bildirir.
 
Analitiklər manatın möhkəmlənməsini bu cür izah edir: "Dağlıq Qarabağdakı sabitlik valyuta treyderlərində optimizm yarada bilib. Manatın məzənnəsinə TAP layihəsinin təməlinin qoyulması da ciddi təsir edib".
 
Ekspertlər hesab edir ki, yaxın günlər ərzində Rusiya rublu azacıq bahalaşacaq, Azərbaycan manatı isə stabilliyini qoruyacaq. Buna səbəb neft qiymətlərinin hələ də yüksək olmasıdır.
 
 
SAAT 17:05
 
 
Bakı. Yeganə Laçınzadə - APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 20-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.
 
AMB-dən "APA-Economics"ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi mayın 20-ə 1,4987 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün dollar 1,5017 manata bərabər olub.